Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Qanbay Vəzirov küçəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Hacızadə Ləman Zöhrab qızı küçədə içərisində orta yaşlı kişi və qadının olduğu bir qrup tərəfindən döyülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, avqustun 9-da gecə saatlarında Sabunçu rayonu ərazisində qadının bir qrup şəxs tərəfindən döyülməsilə bağlı polisə məlumat daxil olub. Qeyd edilib ki, əməli törədən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür
TƏBİB-dən verilən məlumatda isə qeyd olunur ki, avqustun 9-da saat 00:45-də 2006-cı il təvəllüdlü (qadın cinsli) şəxs xəsarət alması səbəbilə Sabunçu Tibb Mərkəzinə müraciət edib. Ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, təpə nahiyəsinin yumşaq toxumalarının əziyi, sağ çiynin kəsilmiş yarası diaqnozu təyin edilib.
Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərildikdən sonra öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti kafi olaraq qiymətləndirilib.