Sumqayıt şəhər sakini 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) 07.08.2024-cü il tarixində saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Heftelik.az-ın məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hündürlükdən yıxılma, sol kürək sümüyünün sınığı və sol diz oynağının əziyi diaqnozu qoyulan pasiyent Travmatologiya şöbəsinə yerləşdirilib. Ona müvafiq tibbi yardımlar göstərilib və bu barədə polisə məlumat verilib.
09.08.2024-cü il saat 12:00 radələrində xəstəyə baş çəkmək üçün xəstəxanaya gələn ailə üzvlərindən biri palataya daxil olaraq, onunla söhbət edib. Həmin zaman xəstənin yaxını ona kəsici-deşici alətlə xəsarət yetirib. Boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarası alan pasiyentə tibbi personal tərəfindən təcili zəruri tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırma aparılır.
Qeyd edək ki, meyit təşrih üçün Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.