Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Heftelik.az-a verilən məlumata görə, avqustun 9-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunmuş Ramil Aslanov kollektivə təqdim edilib. Təqdimatda Agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov və Kollecin inzibati və pedaqoji heyəti iştirak edib.
Qeyd edək ki, Ramil Aslanov 1998-ci ildə Azərbaycan Texnologiya Universitetinin “Texnoloji maşınlar və avadanlıqlar” ixtisası üzrə bakalavriat səviyyəsini, 2000-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini bitirib. Hazırda həmin universitetdə doktorantura səviyyəsi üzrə təhsil alır.
R.Aslanov bu təyinatadək 2002-ci ildən etibarən Azərbaycan Texnologiya Universitetində laboratoriya müdiri, baş müəllim, bölmə rəhbəri və dekan müavini vəzifələrində çalışıb.
Xatırladaq ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin bundan öncə yaydığı məlumatda bildirilmişdi ki, ötən ilin dekabr ayından etibarən Agentlik orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparır. Monitorinqlər zamanı kolleclərdə tədris prosesində mövcud olan problemlər, yol verilən nöqsanlar araşdırılır və onların aradan qaldırılması istiqamətində qəti tədbirlər həyata keçirilir. Göyçay Rayon Prokurorluğunun müvafiq qərarına əsasən Maliyyə Nazirliyi və Agentlik bu ilin yanvar ayının 29-dan etibarən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində araşdırma aparır. Araşdırma zamanı həmin kollecdə tədris prosesinin təşkili ilə əlaqədar ciddi nöqsanlar aşkarlanıb. Nəticədə kollecin tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev Agentliyin sədrinin əmri ilə tutduğu vəzifədən azad edilib.