Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov qərar imzalayıb.
Qərara əsasən, 2024-cü il avqust ayının 12-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılır.
Növbədənkənar sessiyanın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələlər verilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev deputat olmaq niyyətindədir. Əjdər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə iştirak etmək üçün artıq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsindən istefa vermək üçün ərizə yazıb.Qanunvericiliyə əsasən, Əjdər Əliyevin Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsindən istefası Muxtar Respublikası Ali Məclisində təsdiqlənməlidir.