Olimpiada bitdi, Azərbaycan heç 2012-ci (9 medal) və 2016-cı il (18 medal) uğurlarını da təkrarlaya bilmədi.
Heftelik.az-ın məlumatına görə, bunu tanınmış hüquqşünas, “Əkrəm Həsənov və Partnyorları Vəkil Bürosu”nun müdiri Əkrəm Həsənov bildirib.
Hüquqşünas qeyd edib ki, cəmi 7 medal qazanmışıq: “Onun da 5-ni bizə legionerlər (xarici mənşəli idmançılarımız) gətirdi. Bu o deməkdir ki, milli idmanın vəziyyəti acınacaqlıdır. İldən ilə daha çox pul xərclənir, amma nəticə yoxdur. Bunun da əsas günahkarları bax bu cütlükdür: gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva (o da bir növ legionerdir, amma heç bir səmərəsi yoxdur, üstəlik vətəni Bolqariyada parlament spikeri erməni əsilli Raya Nazaryandır). Hələ 2021-ci ildə nazir təyin olunandan sonra Qayıbov bəyan etmişdi ki, nazirliyin inkişaf strategiyasını hazırlayacaq. Amma nazirliyin saytında (https://www.mys.gov.az/az/nazirlik/senedler/strategiya) göstərilir ki, “Hazırda strategiya hazırlanma mərhələsindədir”. 3 il bəs etmədi? Strategiyasız necə işləyir bu nazirlik? Nəticəsi göz qabağındadır…”.
Qeyd edək ki, Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını 30-31-ci pillələrdə başa vurub. Azərbaycanın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.