Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının müddəti 2 il uzadılıb.
Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.
Dövlət Proqramının müddəti 2026-cı ildən 2028-ci ilə qədər uzadılıb.
Xaricdə nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq tələbələrin sayı artırılıb, bu sıraya doktorantura da əlavə edilib. Başqa sözlə, Dövlət Proqramının icrası müddətində artıq hər il 400 nəfərdən deyil, 500 nəfərdə çox olmamaqla Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin ediləcək. Ali təhsilin doktorantura səviyyəsində ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun ixtisaslara üstünlük verilməsi Azərbaycan Respublikasında akademik potensialın gücləndirilməsini, elmi-texniki və intellektual potensialın artırılmasını, elmi yaradıcılığın inkişafını və elmi biliklərin yayılmasını təmin edəcək.
Qeyd edək ki, indiyə qədər Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edib. Dəyişikliyə əsasən, 2025-ci ildən başlayaraq Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 25 faizindən çox olmayan hissəsi ali təhsilin bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi ali təhsilin doktorantura səviyyəsini əhatə edəcək.