Naxçıvanda minaya düşən var

12 Avqust 2024, 09:42

Şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş “Qanlıgöl” yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb.

O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.

Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.