Azərbaycanda ət kəsimi məntəqələrində quzu ətinin bahalaşdığı müşahidə olunur. Belə ki, bir müddət əvvəl bir kiloqramı 18-19 manata satılan quzu əti hazırda bəzi məntəqələrdə 20 manata təklif olunur. Bəzi satıcılar bahalaşmaya səbəb olaraq diri çəkidə quzunun qiymətinin artdığını göstərirlər.
Heftelik.az-ın məlumatına görə, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ölkədə faktiki olaraq ət çatışmazlığı mövcuddur.
Onun sözlərinə görə, heyvandarlıq məhsulları, o cümlədən də ət istehsalı tələbatı ödəyə bilmir: “Yerli ət istehsalı ümumi ölkə tələbatının təxminən 50%-nə qədərini qarşılaya bilir. Bu səbəbdən qiymətlər get-gedə bahalaşır. Qiymət artımına müxtəlif amillər təsir edib. Bunlardan biri də bu yay mövsümündə davam edən qeyri-sabit hava şəraitidir. Belə ki, hava yağıntılı keçdiyinə görə biçində problemlər yarandı, yağış otu sıradan çıxardı və keyfiyyətini azaltdı. Bu da təbii ki, məhsuldarlığa mənfi təsir göstərdi. Əlverişsiz hava şəraiti heyvanlar üçün yığılan yem bazasını zəiflətdi”.
Ekspert söyləyib ki, ümumiyyətlə, bu il yem bitkilərinin məhsuldarlığı aşağıdır: “Ona görə də heyvandarlıqla məşğul olan sahibkarların xərcləri artır. Xərclər artığına görə də onlar əti bahalaşdırmaq məcburiyyətində olurlar”.