“Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları” “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1-ci maddəsinə əsasən hazırlanıb və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların (bundan sonra -tələbələr) təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) məsələlərini tənzimləyir.
Heftelik.az-ın məlumatına görə, bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə şamil edilir.
Təhsil müəssisəsini, ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər (dövlət sifarişi ilə təhsil alıb eyni ixtisas üzrə təhsil müəssisəsini, təhsilalma formasını dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən tələbələr istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Bu zaman tələbə təhsil alacağı tədris qrupunda təhsil alanlar üçün müvafiq ixtisas üzrə müəyyən edilən məbləğdə təhsil haqqı ödəyir.