Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçjvəsində Füzuli, Laçın, Suqovuşan və Xocavənddə olduq. Bu yazıda Laçınla bağlı ekoturistik yöndə müşahidələrimizi bölüşmək istərdik.   

Rayonun turistik potensialı

Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçın iqtisadi cəhətdən böyük potensiala, zəngin təbii ehtiyatlara malikdir. İşğaldan öncə rayonda aqrar sahə, xüsusilə də heyvandarlıq inkişaf etmişdi. Burada meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq rentabelli olub. Eyni zamanda, bölgə dağ turizmi və ekoturizm potensialına görə xüsusiilə əlverişldiir. Yetərincə geniş rekreasiya imkanlarına malik olan Laçındakı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirir. Rayon ərazisində ayı, antilop, canavar, çaqqal, vaşaq, çöl donuzu və s. vəhşi heyanlar məskən salıb. Rayonun ekoturistik imkanları, strateji coğrafi mövqeyi, təbiət mənzərələri, dövlət tərəfindən yaradılan infrastruktur, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi xarici və yerli turist axınını artıracaq.

Qeyd edək ki, azad olunmuş ərazilərin, o cümlədən, Laçının milli iqtisadiyyata sürətli inteqrasiyasının təmin edilməsi, zəngin resurslarından iqtisadi inkişafda səmərəli istifadə və bölgə əhalisinin layiqli həyat tərzinin yaradılması istiqamətində önəmli addımlar atılır. Bundan əlavə, bölgənin turizm potensialının tanıdılması üçün zəruri infrastrukturun yaradılması istiqamətində işlər davam edir. Turizm iqtisadi faktorla yanaşı, həm də ökəni dünyaya təqdim edir. Turistlər, həmçinin, Qarabağın işğal tarixi və nəticələri ilə də əyani tanış olmaq imkanı qazanırlar ki, bu da müharibə turizminin faktiki mövcudluğu deməkdir.

Turizm bölgəsində əhalinin məşğuliyyəti

Rayona qayıdan əhalinin işlə təmin olunmasından söz düşmüşkən, Laçında məskunlaşan iki ailə ilə bu barədə söhbət imkanımız oldu. Məlum oldu ki, həmin ailələrin bütün yetkin üzvləri ayrı-ayrı müəssisələrdə işlə təmin olunublar və aldıqları əməkhaqqı qənaətbəxşdir. Hətta ailələrdən birinin üzvü, Bakıda anadan olmuş məcburi köçkün 3 aydır, Laçına köçdüyünü və buranın yaşamaq və işləmək üçün paytaxtdan xeyli rahat və əlverişli olduğunu vurğuladı. Onlar rayonda əhalinin məşğulluğunun, əsasən təmin olunduğunu bildirdilər. Bundan başqa, əhalinin turizmdən gəlir götürmək üçün də imkanları var. Laçında həftəsonu bircə boş yatağın belə, olmadığının şahidi olduq. Burada məskunlaşan əhalinin digər yerlərdə yaşayan yaxınları da tez-tez qonaq gəlirlər. Nəinki Laçının mərkəzində, hətta Zabux və digər yerlərdə belə, kottec, hotel və kirayə evlər dolu idi. Burada kottec və ya otel, eləcə də evlərin kirayə qiymətləri də ölkənin digər turistik bölgələrinə nisbətən xeyli bahadır. Mövsüm olduğu üçün tələbat da yüksəkdir. Orada yaşayan əhalinin bir çoxunun özlərinə məxsus evi və ya evin otağını turistlərə kirayə vermək təcrübəsinin şahidi olduq. Bir sözlə, rayonun turizm imkanları, ilk növbədə, əhalinin məşğuliyyəti üçün imkanlar yaradır.

Eyni zamanda, bu barədə rəyini öyrəndiyimiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Aqil Camal bir qədər fərqli fikirdədir: “Doğrudur, Qarabağın reinteqrasiyası və məskunlaşma aparılır, eyni zamanda, bölgəyə daha çox turistik baxımdan yanaşılır. Bu məsələdə balans gözlənilməlidir. Əsas diqqət əhalinin daimi məskunlaşdırılması ilə bağlı infrastruktura yetirilməlidir. Əsas diqqətin turizmə yönəldilməsi bölgəyə qayıdan əhali tərəfindən bir o qədər də isti qarşılanmır. Laçında əhali, ilk növbədə, daimi işlə təmin olunmanı üstün tutur. Onlar bölgədə özlərini realizə etmək imkanlarının məhdudluğundan narahatdırlar. Bölgə sıfırdan qurulur. Burada əhalinin kiçik və orta sahibkarlıqla bağlı qura biləcəyi işlər var. Amma burada sanki bütün müəssisələr qurulub və yerli əhali, sadəcə, işçi kimi işə götürülür. Bu isə onların öz qabiliyyətlərinə uyğun inkişaf imkanlarını məhdudlaşdıra bilər. Başqa məsələ həyətyanı təsərrüfat imkanlarının hələki məhdudlaşdırılmasıdır. Zənnimcə, turizmin müxtəlif növlərinin, məsələn, elə kənd turizminin inkişaf etdirilməsi üçün də yerli əhalinin həyətyanı təsərrüfatla məşğul olmaq, toyur-cücə, mal-qara saxlamaq, bağ salmaq imkanları artırılmalıdır”.

Laçında müşahidələrimizlə bağlı bəzi nüanslar

Rayonda müşahidələrimizdən o qənaətə gəldik ki, burada cəmiyyətlə təbiət, demək olar ki, iç-içədir. Məsələn, rayonun mərkəzində belə, seyrək salınmış evlərin həyətində axşam vaxtı müxtəlif vəhşi heyvanlara rast gəlmək mümkündür. Qaldığımız evin təpəyə söykənən damında gecə vaxtı dişi çaqqal və balalarının gəzdiyinin şahidi olduq. Sakinlər belə halları adi qarşılayırlar. Deyirlər ki, hətta dəfələrlə həyətlərə canavar və donuzların gəldiyini görüblər. Məskunlaşma çoxaldıqca, vəhşi heyvanların da həyətlərə müdaxiləsinin azalacağı qənaətindədir əhali. Bununla belə, vəhşi heyvanlarla təmas onlarda mənfi emosiya doğurmur.

Yerli sakinlərlə söhbətlərdə işğal vaxtı ermənilərin burada bir sıra yerli bitki və ağacları qırıb, yerində akasiya əkdiklərini öyrəndik. Sakinlər deyir ki, işğalçılar meyvə ağaclarını və s. bitkiləri yox edib, yerinə akasiya əkiblər ki, arıçılıqda bundan istifadə etsinlər. Bir neçə yerdə bu cür akasiya təpəliklərinə rast gəldik.

Təəssüf doğuran hallardan biri budur ki, bölgəyə gələn yerli turistlər təbiəti etinasızca zibilləməklə məşğuldurlar. Məsələn, Şuşa-Laçın yolu boyunca dəstə-dəstə insanların piknik məqsədilə oturduqları, kabab çəkdikləri yerləri zibillədiyinin şahidi olursan. Bu yerlərin işğaldan azad edilməsi, Vətən olduğuna, şəhidlərimizə görə xalqımız üçün müqəddəsliyi sanki bir çox yerli turistlər üçün əhəmiyyət kəsb etmir. Bu məsələ nəzarətsiz qalarsa, gələcəkdə bölgənin gözəl ekoturistik məkanları plastik tullantılarla “bəzənə” bilər. Bölgəyə kütləvi turist axını fonunda burada işlək zibil konseptinin olması olduqca vacibdir. Bu məsələdə geniş maarifləndirmə, xəbərdarlıqlarla yanaşı, cərimələr də tətbiq edilməlidir. Fikrimizcə, burada əsas məsələlərdən biri ətraf mühitin təmizliyinin qorunmasıdır…

Şuşa ətrafında, Füzulidə isə bir sıra hallarda turistlərin mina təhlükəsinə çox da ciddi məhəl qoymadığının şahidi olmuşduq…

Digər məqam bioresursların qorunması ilə bağlıdır. Tez-tez sosial şəbəkələrdə azad edilmiş ərazilərdə balıq və ya heyvan ovu ilə bağlı videolar paylaşılır, bir sıra hallarda həmin videolarda brakonyerlik elementlərinin olduğu iddia edilir. Doğrusu, Laçında belə halları müşahidə etmədik. Hər halda, Həkəri və digər çaylarda qarmaqla alabalıq ovlandığını dedilər. Bununla belə, bu ovun da ekoturistik standartlara, “catch-release” prinsiplərinə uyğun aparılması üçün mütəmadi maarifləndirmə və yerli icma ilə iş aparılsa, daha da yaxşı olar…

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.