“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb. Siyahıya əsasən, daha 205 namizəd proqram iştirakçısı adını qazanıb.
Elm və Təhsil Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq.
Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Cari ildə təqaüd hüququ əldə etmiş namizədlərdən 15 nəfəri “Columbia University”, 7-si “Harvard University”, 7-si “University of Cambridge”, 6-sı “Yale University”, 5-i “University of California, Berkeley”, 4-ü “National University of Singapore”, 3-ü “University of Oxford”, 3-ü “ETH Zurich”, 3-ü “University of Chicago” və digər nüfuzlu universitetlərdə təhsil alacaq.
Elm və Təhsil Nazirliyi ilə bağlanılacaq müqavilənin müvafiq şərtinə əsasən, proqram iştirakçısı təhsili bitdikdən sonra 2 ay ərzində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdır.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə qazanan, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı mövcuddur. 2024–2025-ci tədris ili üzrə proqram iştirakçısı adını qazanmış namizədlərdən bu və ya digər səbəbdən imtina edənlər olarsa, Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutulmaqla həmin siyahıya istinadən növbəti iştirakçılar seçiləcəklər.