Təchizatçı tərəfindən ictimai nəqliyyatda gediş haqlarının qəbulu üzrə quraşdırılmış ödəniş terminalları istisna olmaqla, digər ödəniş terminalı vasitəsilə həyata keçirilən əməliyyatları təsdiq edən sənəddə Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulan məlumatlar əks etdirilməlidir. Müvafiq sənəd kağız və ya digər davamlı daşıyıcıda təqdim edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da əksini tapıb.
Təchizatçı tərəfindən ödəniş terminalı vasitəsilə həyata keçirilən pul köçürmələrini təsdiq edən sənəddə Qanunun 17-ci maddəsi ilə yanaşı aşağıdakı məlumatlar da əks etdirilməlidir:
– pul köçürmə sisteminin adı (mövcud olduqda);
– ödəyicini müəyyən etməyə imkan verən məlumatlar (ödəyicinin abonent kodu və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, soyadı, adı və atasının adı, yaxud pul köçürməsinin həyata keçirildiyi ödəniş hesabının nömrəsi və ya ödəniş kartının təhlükəsizlik tələbləri çərçivəsində istifadə edilən rekvizitləri);
– pul köçürməsinin təyinatı;
– terminalın yerləşdiyi inzibati ərazi vahidi;
– vəsait alan barədə məlumatlar, vəsait büdcə və büdcədənkənar dövlət fondlarına ödənildikdə həmçinin büdcə təsnifatının, büdcə səviyyəsinin və büdcə təşkilatının kodları.