Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, 2024/2025-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

 

Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 599 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 564 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini avqustun 15-i günün ikinci yarısından etibarən abiturient.az saytından “PDF” formatda əldə etmək mümkün olacaq.

Rezidenturaya qəbul olunanlar 20 – 26 avqust (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.

Rezidenturaya qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında veriləcək.