Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququnun hansı hallarda verilə biləcəyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış, berbout-çarterə (heyətsiz gəminin fraxtedilmə müqaviləsinə) əsasən Azərbaycan fraxtedəninin istifadəsinə və sahibliyinə verilmiş gəmilərə Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququ aşağıdakı hallarda verilə bilər:

– berbout-çarter üzrə gəmini fraxtedən bu Məcəllənin 8.1-ci maddəsində göstərilən tələblərə cavab verdikdə;

– gəmi mülkiyyətçisi gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altına keçirilməsi barədə yazılı razılıq verdikdə;

– gəminin gəmi reyestrində qeydiyyata alındığı xarici dövlətin qanunvericiliyinə müvafiq olaraq müəyyənləşdirilmiş və qeydə alınmış gəminin ipotekasının və ya həmin xarakterli yüklü edilmənin girovsaxlayanı gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altına keçirilməsi barədə yazılı razılıq verdikdə;

– gəminin gəmi reyestrində qeydiyyata alındığı xarici dövlətin qanunvericiliyi gəmiyə xarici dövlətin bayrağı altında üzmək hüququnun verilməsini qadağan etmədikdə;

– gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ verilən anda gəminin xarici dövlətin bayrağı altında üzmək hüququ dayandırılıbsa və ya dayandırılacaqsa.