Təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma və ya akademik məzuniyyətdən sonra təhsilini davam etdirmə tələbənin əvvəl təhsil aldığı tədris dilinə (tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisna olmaqla) uyğun aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nda əksini tapıb.

Tələbələrin təhsil aldıqları müddətdə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi onların müraciətləri əsasında yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən yalnız 1 (bir) dəfə həyata keçirilir. Təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.