Gənc tədqiqatçılarımızın startap layihəsi böyük uğura imza ataraq, Pakistanın Lahor şəhərində keçiriləcək “SEE Pakistan 2024” Dünya Startap Kubokunun final mərhələsinə vəsiqə qazanıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə SkyBee startapının qurucusu Tural İsmayılzadə məlumat verib.
SkyBee startapı Pakistan Baş Nazirinin Gənclər Proqramı (PMYP) çərçivəsində Pakistanın Özəl Sektor Universitetlərinin Assosiasiyasının (APSUP) və Pakistanın bir sıra universitetlərinin birgə təşkilatçılığı ilə 23-24 avqust 2024-cü il tarixlərində təşkil ediləcək final mərhələsində iştirak edəcək.
Münsiflər heyətinin qiymətləndirilməsinə əsasən final mərhələsinə vəsiqə əldə edən startaplar siyahısında Skybee hazırda birinci yerdə qərarlaşıb və investorlar və ekspertlər tərəfindən dəyərləndiriləcək. Tədqiqatçılarımız SkyBee layihəsinin final mərhələdə də uğur qazanacağına inanırlar.
SkyBee startapı Silikon Vadisində, Londonda, Budapeştdə, Bəhreyndə, Sinqapurda və San-Fransiskoda keçirilən bir sıra dünya çempionatlarının da final mərhələsinə vəsiqə qazanıb, həmçinin Londonda keçirilən gələcəyin texnologiya qurucuları sammitində gələcəyin 15 ən faydalı layihəsi sırasında yer alıb. Bununla da əminliklə demək olar ki, gənc tədqiqatçılarımızın hazırladıqları texnologiya layihəsi artıq beynəlxalq səviyyədə diqqətləri öz üzərinə çəkə bilmişdir.
Qeyd edək ki, SkyBee vəhşi arı ailələrinin kütləvi ölümü ilə mübarizə aparan, ekoloji tarazlığın və bio-müxtəlifliyin qorunmasında iştirak edən, məhsuldarlığın artımı məqsədilə süni tozlandırma proseslərini həyata keçirən drondur. Qabariti 690x690x330 mm olan dronlar 1 saat müddətində 5 hektar əraziyə xidmət göstərə biləcək.
Hazırlanan texnologiyanı rəqiblərindən fərqləndirən ən böyük xüsusiyyət isə dronla göstərilən xidmətlərin insan iradəsindən asılı olmadan tam süni zəka əsaslı platforma üzərindən icra olunması və bütün proseslərin sadələşdirilməsi və avtonomlaşdırılmasıdır. Hər kəs sadəcə mobil tətbiq üzərindən müvafiq sifarişi seçəcək, digər bütün prosesləri dronlar avtonom olaraq icra edəcəklər.