Fotolabil, termolabil, hiqroskopik, uçucu xassəli, qoxulu və rəngverici baytarlıq preparatlarının xüsusiyyətləri nəzərə alınmaqla saxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”də əksini tapıb.
Fotolabil, termolabil, hiqroskopik, uçucu xassəli, qoxulu və rəngverici baytarlıq preparatlarının xüsusiyyətləri nəzərə alınmaqla saxlanılması aşağıdakı kimi aparılmalıdır:
– fotolabil baytarlıq preparatları işıq keçirməyən materialdan hazırlanmış taralarda qaranlıq yerdə və ya dolablarda saxlanılır;
– termolabil baytarlıq preparatları soyuducuda istifadə təlimatlarında tələb olunan müvafiq temperatur rejimində saxlanılır;
– hiqroskopik baytarlıq preparatları nəm keçirməyən materialdan hazırlanmış taralarda və havanın nisbi rütubəti 50-65%-dən çox olmayan sərin yerdə saxlanılmalıdır;
– uçucu xassəli baytarlıq preparatları xüsusi materialdan (şüşə, metal, alüminium folqa) hazırlanmış və hermetik bağlı olan taralarda və sərin yerdə saxlanılmalıdır;
– qoxulu baytarlıq preparatları qoxu keçirməyən və hermetik bağlı olan taralarda, təcrid olunmuş yerdə saxlanılmalıdır;
– rəngverici baytarlıq preparatları hermetik qablaşdırmalarda və xüsusi dolablarda saxlanılmalıdır.