Yeni idmançıların yetişməsi üçün dövlətimiz tərəfindən mühüm addımlar atılır

Ölkəmizin idmançıları bütün dünyada çox böyük uğurlar əldə edirlər. Onların qazandığı qələbələr, əldə etdikləri medallar Azərbaycana çox böyük nüfuz gətirir. Eyni zamanda ölkəmizin tanınmasında peşəkar və nüfuzlu idmançılarımızın da əhəmiyyətli rolu var. Əlbəttə ki, xalqımız idmançılarımızın belə uğurlarını gördükcə fəxr edir və bütün bunlar yeni nəsil idmançıların yetişməsində çox önəmlidir. Ümumiyyətlə, yeni idmançıların yetişməsi üçün dövlət tərəfindən mühüm addımlar atılır. Bakıda və regionda olimpiya kompleksləri tikilir və bu komplekslərdə gənc idmançılar yetişirlər. Gənc idmançılar da ölkəmizi xaricdə yüksək səviyyədə təmsil edirlər. Paris Olimpiadasında medallar əldə edən idmançılarımız da məhz o olimpiya komplekslərində yetişən idmançılardır. Onlar bütün xalqımızı sevindirdilər. Qeyd edək ki, Prezident İlham Əliyev 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. Azərbaycan Prezidenti bildirib ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur: “Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm”.

İdmanın dili, milliyəti yoxdur. İdman dünyada həm də həmrəylik üçün çox önəmli vasitədir. Yeri gəlmişkən, Azərbaycan dünyada bu baxımdan da öz təşəbbüskarlığı ilə seçilir. Məhz Avropa Olimpiya Komitəsinin Baş Assambleyası 8 dekabr 2012-ci ildə I Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edib. Tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarının Azərbaycanın bəxtinə düşməsi böyük nailiyyətdir. Bu qərara imza atanlar da yanılmayıblar. Ölkəmizin beynəlxalq miqyasda mötəbər idman yarışlarında böyük nailiyyətlər qazanması, Azərbaycanın dünyada nüfuzunun ilbəil artması nəticə etibarilə 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qərarının verilməsində həlledici rol oynayıb. I Avropa Oyunlarının keçirilməsi üçün idman qurğularının tikintisi və təkmilləşdirilməsi dünya standartlarına uyğun və yüksək keyfiyyətlə aparılıb. Qeyd edək ki, I Avropa Oyunları üçün Bakıda Qafqazda 65 000 tutumlu ən böyük Olimpiya stadionu tikilib. Azərbaycan özünə güvənərək bu idman yarışına dostluq, birlik tədbiri kimi yanaşıb. Məhz buna görədir ki, Azərbaycan ev sahibi olaraq I Avropa Oyunlarına qatılan hər bir idmançının maliyyə xərclərini öz üzərinə götürmüşdür.

Bundan başqa Azərbaycanda Ümumdünya Şahmat Olimpiadası, “Formula-1” üzrə Avropa qran-prisi, IV İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyyədə keçirilməsi beynəlxalq aləmdə idmanın inkişafına verilən töhfə olaraq qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycanda təkcə ölkədaxili deyil, beynəlxalq olaraq da idmana diqqət göstərilir.

Hazırda xaricdə də gənc idman kumirlərimiz var. Vətəndaş cəmiyyəti təşəbbüskarlığı olaraq QHT-lər layihələr keçirərək xaricdəki dünya şöhrətli gənc idmançılarımızı da Azərbaycanda tanıda bilərlər. Azərbaycanda gənc nəslin idmançı və vətənpərvər ruhunda yetişməsi, peşəkar çempionlarımızın sayının çoxalması dövlətin idman siyasətinin tərkib hissəsidir. Belə layihələrin dövlətin bu siyasətinə töhfə verəcəyini düşünürük.

Çox müsbət haldır ki, digər sahələr kimi, idmana da dövlət dəstəyi var. Prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva səviyyəsində idmana diqqət, qayğı göstərilir. Mütəmadi olaraq idmançılarla görüşlər keçirilir. Və bütün bunlar da idmançılarımıza motivasiya verir. Onların peşəkarlaşmasında, uğur əldə etməsində bu görüşlər çox mühüm rol oynayır. Buna görədir ki, cənab Prezidentin dediyi kimi, gənclərin idmana maraqları artır: “Əlbəttə, tam əminəm ki, həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq və bunu arzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik”. Gənclərin idmana marağının artması həm də vətənpərvərlik nümunəsidir. İdmançılarımız beynəlxalq yarışlarda dövlətimizin bayrağını yüksəldirlər, himnimizi səsləndirirlər. İnanırıq ki, bundan sonra da Azərbaycanda yeni nəsil idmançı gənclər yetişəcək. Onlar hər zamankı kimi ölkəmizi beynəlxalq turnirlərdə, Olimpiya Oyunlarında yüksək səviyyədə təmsil edəcəklər.

 

Aybəniz Rüstəmova

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq

kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent