Bakıda çəkiliş üçün model axtarışında olan şəxsin qadınları şantaj etdiyi ortaya çıxıb.

Heftelik.az-ın Qaynarinfo-ya  istinadən verdiyi məlumata görə, 1993-cü ildə Cəbrayıl rayonunda doğulmuş İlkin Fərhadov (soyad şərti) iş axtaran qadınları 1000 manat qarşılığında model kimi işə dəvət edib.

Belə ki, İlkin “WhatsApp”da “Eşqin” iş qrupuna qoşularaq, orada xeyli sayda iş axtaran qadının olduğu görüb. Həmin qrupda elan verərək Nəsimi rayonu, 28 may metrostansiyası yaxınlığında gəlinlik geyimləri mağazası olduğunu bildirib. Guya həmin gəlinliklərin reklam edilməsi üçün 1000 manat qarşılığında xanım model axtarır.
İlkin “WhatsApp” sosial şəbəkəsində onunla əlaqə saxlayan bir çox xanıma bildirib ki, boyu, yaşı, bədən quruluşu və 3 nəfər yaxın qohumlarının telefon nömrəsi barədə ona məlumat versinlər. Bu yolla həmin qadınlardan qısa və alt geyimlərdə fotoşəkillərini ona göndərmələrini istəyib və əks təqdirdə işin götürülməyəcəklərini deyib.
O qadınları inandırıb ki, göndərdikləri yarıçılpaq şəkillərə baxıb, reklam üçün uyğun olub-olmadıqlarına qərar verəcək. Həmçinin göndərilən şəkillərə görə narahat olmamalarını və heç bir problemlə üzləşməyəcəklərini deyib.
Nəticədə bir neçə qadın İlkinin tələsinə düşərək, evlərində çəkdikləri yarıçılpaq şəkilləri ona göndəriblər. Şəkilləri əldə edən təqsirləndirilən şəxs daha sonra xanımları şantaj etməyə başlayıb. Şantaj olunan xanımlardan birindən 1000 manat alarkən isə polis onu saxlayıb. İlkinə Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib və 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.