Götürülmüş və üzərinə həbs qoyulmuş narkotik maddələr müvəqqəti saxlanılması üçün saxlama kamerasına təhvil verilir.
Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Üzərinə həbs qoyulmuş incəsənət əsəri və antik əşyalar saxlanılmaq üçün muzeyə verilə bilər. Maddi sübut kimi sayılmış tez xarab olan əşyaların, məişətdə gündəlik tələbat əşyalarını, gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları və digər heyvanların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafiq təşkilatlara verilməlidir. Maddi sübut, qiymətli əşyalar və sair əmlak saxlanılan yerə ancaq onun saxlanılmasına məsul olan şəxsin iştirakı ilə daxil olmaq mümkündür. O (və ya onu əvəz edən işçi) olmadıqda saxlama yerinə ancaq DTX-nin müvafiq struktur bölmələrinin (İQ, MTQ və MQ) rəislərinin icazəsi və iştirakı ilə daxil olmaq olar, onlarda və ya onlar tərəfindən müvəkkil edilmiş digər rəhbər vəzifəli şəxsdə həmin yerin dublikat açarı olmalıdır. Belə hallarda əmlakın götürülməsinin səbəbi göstərilməklə akt tərtib edilir. Akt maddi sübutların uçotu kitabında müvafiq qeyd aparmaq üçün maddi sübutun saxlanılmasına məsul olan şəxsə verilir.