Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfəq” Ekoturizm İctimai Birliyinin icra etdiyi “Aqroturizmin təşviqi” layihəsi çərçivəsində 17, 18, 19 avqust tarixində Masallı, Astara və Lənkəran rayonlarında fəaliyyət göstərən Aqroturizm təsərrüffatları və digər turizm məkanlarına 3 günlük infotur təşkil edilib.

Heftelik.az-ın məlumatına görə, infoturda turizm şirkətləri, KİV, QHT nümayəndələri və bir çox aktiv sosial şəbəkə istifadəçilərindən ibarət ümumilikdə 20 nəfər  iştirak edib.

Tədbirin proqramı və layihənin məqsədi ilə bağlı birliyin prezidenti, layihə rəhbəri Vamiq Babayev tərəfindən geniş məlumat verilib. Layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılıb. Birliyin idarə heyyətinin üzvü, layihə üzrə ekspert Rafət Şirəliyev də tədbirdə iştirakçılarla aqroturizm mövzusunda müzakirələr aparıb və əsas təbliğat hədəflərini diqqətə çatdırıb.

Tanışlıq görüşü zamanı iştirakçıların fikir, təklif  və gözləntiləri dinlənildikdən sonra infotur proqramına start verilib. İştirakçılar 3 günlük infotur müddətində Masallı rayonun Tüklə kəndində fəaliyyət göstərən “Seyrəngah” və “Uğur” Aqroturizm təsərrüfatının fəaliyyəti ilə tanış olub, təsərrüffatda yetişdirilən sitrus meyvələri, kivi, nektar, gilas, çiyələk, xaricdən gətirilərək yetişdirilən mavigilə, xüsusi salınmış böyürtkən, alma və digər meyvə bağı ilə tanış olub, təbii şəraitdə meyvə yığmını həyata keçiriblər. İnfotur zamanı iştirakçılar Lənkəran rayonun Gərmətük qəsəbəsində fəaliyyət göstərən “Faran” çəltik emalı zavodunda olub, zavodun fəaliyyəti və ərazidəki çəltik ləklərinə baş çəkiblər. Aqrotəsərrüfatların suvarılması məqsədi ilə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Xanbulan su anbarına (göl) səfər etdikdən sonra iştirakçılar Astara rayonun Ərçivan kəndindəki XIX əsrə aid ləmdə, Yanar bulaq və Səncərədi kəndində fəaliyyət göstərən “Yaşıl göl” Aqroturizm təsərrüfatında səfər edib, oradakı balıqçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olublar. İnfoturun sonuncu günü iştirakçılar Lənkəran rayonun İstisu qəsəbəsində fəaliyyət göstərən “Sitrus Valley” Aqroturizm təsərrüfatında səfər edərək təsərrüfatda yetişdirilən məhsullar və bu məhsullardan hazırlanmış mürəbbə və turşular barədə məlumat alıb, alış ediblər. Onlar həm də təsərrüfata gələn turistləri müşahidə edib, onların təsüratlarını alıblar. Daha sonra Lənkəran rayonun Haftoni qəsəbəsindəki çay plantasiyasına və bambuk sahəsinə səfər edilib. Bambukdan hazırlanmış əl işləri ilə tanış olduqdan sonra iştirakçılar yekun olaraq özlərinin region haqqında yüksək təsüratlarını təşkilatçılarla bölüşüb və iştirakçılara sertifikatların verilməsi ilə tədbirə yekun vurulub.

Qeyd edək ki, layihənin məqsədi müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və aqroturizm potensialının alıcılara çatdırılmasını təşviq etməkdir.