Turizm üzrə ekspert Ruslan Quliyev: “Əsas məsələ erməni vandalizminin ölkənin ətraf mühiti, ekoturistik potensialı, flora və faunasına qarşı törətdiklərinin beynəlxalq səviyyədə, hüquqi müstəvidə öz həllini tapmasıdır”
İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.
Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.
Bu dəfə isə mövzu ilə bağlı müsahibimiz Turizm üzrə ekspert Ruslan Quliyevdir.
– Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə “yaşıl artım” prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
– Azərbaycanda həm yerli, həm də xarici investisiyalar üçün əlverişli biznes mühiti var. Ölkəmizdə həyata keçirilən investisiya proqramlarında ilkin investisiyalar daha çox neft-qaz sektoruna yönəldildiyi halda, son vaxtlar bərpa olunan enerji sahəsinə birbaşa xarici investisiyalar artmaqdadır. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri”ndə ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi mühüm yer tutur. Məqsəd bərpa olunan enerjinin ümumi enerji istehsal gücündə payını 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Azərbaycanda bərpa olunan enerjinin istehsalı üçün böyük potensial bu sahədə mühüm layihələrin həyata keçirilməsinə zəmin yaradır. Artıq Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda 240 MVt gücündə Külək Elektrik Stansiyası tikilir. 4 il əvvəl işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 10 min kvadrat kilometr ərazi “yaşıl enerji” zonası elan edilib. Ərazidə günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı müəyyən planlar var. Bir neçə su elektrik stansiyaları tikilib və fəaliyyət göstərir. İşğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində BP şirkəti ilə birlikdə 240 meqavat gücündə elektrik stansiyası tikiləcək. Bu layihələr Azərbaycanın “yaşıl inkişaf” ölkəsi və “yaşıl enerji” tədarükçüsü kimi inkişafı, eləcə də Avropaya yaşıl enerji ixracında əsas ölkələrdən birinə çevrilməsi üçün zəmin yaradır.
– Böyük qayıdış çərçivəsində işğaldan azad olunmuş ərazilərdə insanlar daha sıx məskunlaşacaqlar. Bu isə su hövzələrinin də nisbətən daha çox çirklənməsi ehtimalını artırır. Bu mənadan bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var? Bu istiqamətdə araşdırmalar aparılırmı?
– Sənayenin fəaliyyəti zamanı təbiətə geri qaytarılması mümkün olmayan məhsullardan istifadənin azaldılması və sıfra endirilməsi məqsədi ilə addımların atılması çox vacibdir. Elektrik enerjisindən səmərəli istifadənin təşkil edilməsi və sudan qənaətlə istifadə təşviq edilməli və hotel idarəetməsində nümayiş olunmalıdır. Sahibkarlar tərəfindən “dayanıqlı turizm” prinsiplərinin tətbiqi üzrə fəaliyyətlərin mənimsənilməsi və “yaşıl” təşəbbüslərin reallaşdırılması çox vacibdir. Bunun üçün istixana qazlarının buraxılmasına səbəb olan fəaliyyətlər azaldılmalı və dayanıqlı idarəetmə sisteminin qurulması üzrə addımlar atılmalıdır. Hotel sənayesi yaşıl fəaliyyətə keçmək üçün Dünya Turizm və Səyahət Şurası tərəfindən tətbiq edilən və Azərbaycan Turizm Bürosunun əsas rəsmi tərəfdaşı olduğu Hotel Dayanıqlılıq Əsasları təşəbbüsünə qoşula bilər. Hotel Dayanıqlılıq Əsasları Təşəbbüsü 3 əsas sahə – Səmərəlilik, Planet və İnsanlar üzrə qruplaşdırılan 12 meyar üzrə uyğun fəaliyyəti əhatə edir. Hotellər hər bir meyar ilə tanış olmalı və hər bir meyar üzrə uyğun fəaliyyətlər həyata keçirməlidir.
– “Metsamor”un Qarabağ bölgəsinə, ümumilikdə regionun ekoloji durumuna hansı təhlükə və təhdidləri var?
– Öncə onu qeyd etmək istəyirəm ki, Metsamor Atom Elektrik Stansiyası sovet vaxtında müxtəlif dövrlərdə təhlükə mənbəyi kimi qiymətləndirilirdi. Sovet İttifaqının süqutundan sonrakı dövrdə də bu məsələ olduqca ciddi bir məsələ kimi qaldı. Çünki iqtisadi baxımdan zəifləyən bir ölkədə resursların səfərbər olunması, yeni texnologiyalara mərhələli şəkildə keçid və kadr məsələləri hər zamanın problemi olub. Metsamorun təhlükə və təhdidləri qalır. Beynəlxalq qurumlarda buna müxtəlif formalarda münasibət bildirliib. Uşaq ikən böyüklərimizdən də eşitmişdik ki, onlar Araz çayının Mehri rayonundan axan hissəsi, Oxçuçay, Həkəriçayın suyunu bilərəkdən müxtəlif tullantılar ilə zəhərləyirdilər. Bu da oranın biosferasına, insanlara və Xəzər dənizinə qarşı ciddi təhdiddir. Bununla bağlı beynəlxalq qurumların diqqətini hansısa formada bu istiqamətə yönəltmək lazımdır. Bölgə ölkələrinin də birgə səyləri çox vacibdir.
– Azad edilmiş ərazilərdə bioresursların, su hövzələrindəki canlıların qorunması ilə bağlı tədbirlər də əhəmiyyət daşıyır. Bu barədə qeyri-qanuni ov və brakonyerliyin qarşısının alınması ilə bağlı hansı tədbirlər görülə bilər? Nə kimi təklifləriniz var?
– Son dövrdə Qarabağda aparılan bərpa və quruculuq işləri, dövlətin bu sahəyə yönəltdiyi proqramlar və sənədlərin sistemli şəkildə həyata keçirilməsi vacibfir. Əslində o bölgədə qeyri-qanuni ov və brakonyerlik təhlükəsi yoxdur. Oranın flora və faunasının zənginləşdirilməsi ilə bağlı dövlət tərəfindən adekvat addımlar atılır. Əsas məsələ erməni vandalizminin ölkənin ətraf mühiti, ekoturistik potensialı, flora və faunasına qarşı törətdiklərinin beynəlxalq səviyyədə, hüquqi müstəvidə öz həllini tapmasıdır. Çünki ermənilər sadəcə torpaqlarımızı işğal etməklə qalmayıb, flora və faunaya, insanların şəxsi mülklərinə, əmlaklarına ciddi ziyan vurublar.
– Bu mövzuda əsas auditoriya və hədəf qrupları üçün maarifləndirmə, təşviq və məlumatlandırma baxımından hansı sosial media layihələri həyata keçirilə bilər? Yeni media vasitələrindən yararlanmaqla təbliğat necə qurulmalıdır?
– Əsas auditoriya və hədəf qruplarının maarifləndirilməsi üçün yenə də QHT-lər, müxtəlif təşkilatlar tərəfindən innovativ və kreativ layihələr motivasiya olunmalıdır. Bu məsələ diqqət mərkəzində saxlanılmalıdır.Yeni media vasitələrində də təbliğat sistemli olmalıdır. Yəni kampaniya xarakterli olmalı deyil. Düşünürəm ki, bu məsələlərlə bağlı ictimai qınaq da mövcud olmalıdır. Son zamanlarda Şərqi Zəngəzur və Qarabağa səfərlərin intensivləşməsi bu məsələni çox aktual edir və bu məsələ diqqət mərkəzində saxlanılmalıdır.
Bir əlavə də edim. Bizim nəşr etməyi planlaşdırdığımız “Qida tullantıları ilə mübarizə bələdçisi” restoranlara qida tullantılarını azaltmaq üçün praktiki həllər təklif edir. Bələdçi, həmçinin, Azərbaycan Sahibkarlar Konfederasiyası ve Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir. Bu təlimatın Azərbaycanda nəşri restoran sənayesinə əhəmiyyətli töhfə verəcək və qida israfının qarşısını almağa kömək edəcək. Bilirik ki, qida tullantıları qlobal problemdir və Azərbaycan da bu problemdən xali deyil. FAO-nun məlumatına görə, hər il dünyada istehsal olunan qida məhsullarının təxminən üçdəbiri israf olunur. Bu vəziyyət həm iqtisadi, həm də ekoloji baxımdan böyük itkidir.
Təbiətə və ətraf mühitə diqqət yetirən ölkələr tullantıların təkrar emalı layihələrini gücləndirirlər. Rəqəmlər göstərir ki, ağıllı tullantıların idarə edilməsi 2025-ci ilə qədər 3,14 milyard dollara başa gələcək. Cənubi Koreya tullantılarının 60,8%-ni, Almaniya 47,8%-ni, Sloveniya 45%-ni, Türkiyə isə yalnız 11%-ni təkrar emal edir. Qida tullantıları düzgün üsullarla işlənir və ətraf mühitin qorunması və kənd təsərrüfatının davamlılığını təmin edən dəyərli bir mənbəyə çevrilir.
Qida israfının qarşısının alınması məqsədi ilə digər layihəmiz Gübrə İstehsal Sistemidir. Həmin sistem qurularsa:
Mənbədə emal edilən/çevrilən tullantıların saxlama, basdırma, yandırma, çürümə, transfer sahələri, logistika xərcləri, fiziki iş gücü kimi tələbatları olmaz. və tullantıları mənbədə çevirmək imkanı yaranacaq.
Tullantıların yüksək keyfiyyətli üzvi gübrəyə çevrilməsi təmin ediləcək.
Gübrə istehsalında xammal tələbatını tullantılardan təmin edir, idxala ehtiyac qoymur və minimum xərclə əldə edilə bilən xammal yaradır. Bu sistem ilə ölkəmiz qida israfının böyük ölçüdə qarşısını ala və ətraf mühitə zərəri azalda bilər.
Bu müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə (layihə adı qeyd edilə bilər) çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.