Tarixi xarakter daşıyan səfər

22 Avqust 2024, 09:19

Bu gün Rusiyanın Cənubi Qafqazda ən yaxın dost ölkəsi məhz Azərbaycandır

Azərbaycan ilə Rusiya tarixən dost, qonşu və müttəfiq ölkə olublar. Bu münasibətlərin tarixi çox-çox qədimilərə gedib çıxır və hazırda da ikitərəfli münasibətlər yüksək səviyyədə davam etdirilir. Bu gün Rusiyanın Cənubi Qafqazda ən yaxın dost ölkəsi məhz elə Azərbaycandır. Elə buna görə də Rusiya prezidenti Vladimir Putinin və rus xalqının Azərbaycana xüsusi münasibəti var. Biz bunu avqustun 19-da Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərində də gördük. Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva  evlərində Vladimir Putini ən səmimi şəkildə qarşıladılar. Əlbəttə ki, səfərin növbəti günü rəsmi qəbul oldu və prezidentlərin məhdud və geniş tərkibli görüşləri oldu. Eyni zamanda mətbuata bəyanatlarla çıxış edilir. Bundan əvvəl isə iki dövlət arasında sənədlərin imzalanması mərasimi oldu. Ümumiyyətlə, bu görüşlərdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri, eləcə də Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, humanitar və digər sahələrlə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu. Prezident İlham Əliyev bəyanatında bildirdi ki, Rusiya Federasiyasının Prezidenti Azərbaycanda dövlət səfərindədir: “Səfər xüsusi xarakter daşıyır. Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il iki dəfə – bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüşmüşük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir”.

Cənubi Qafqazda Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına dörd milyarddan artıq birbaşa investisiyalar qoyulub. Azərbaycan üçün bu çox böyük rəqəmdir. Bu, həm də Rusiyanın Azərbaycana olan inam və etimadının göstəricisidir. Çünki hər hansı dövlət başqa o dövlət investisiya yatırır ki, orada münbit investisiya mühiti olsun. Bu baxımdan Azərbaycan dayanıqlı iqtisadi inkişafı olan ölkədir. Xarici investorlar üçün belə deyək ki, qapılar açılıb. Buna görə də Rusiya şirkətləri Azərbaycanda çox yüksək səviyyədə investisiya qoyublar. Cənab Prezidentin dediyi kimi, dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir: “Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq”. Ümumiyyətlə, Azərbaycandan kənd təsərrüfatı məhsulları əsasən Rusiyaya ixrac olur və bu da iki ölkə arasında iqtisadi münasibətlərin sıx olamsının bariz nümunəsidir.

Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələr də çox yüksək inkişaf edir və bu yaxınlarda Azərbaycanda Rusiya Mədəniyyət Günləri keçirildi. Bu günlər çərçivəsində sərgilər, konsertlər, teatr tamaşaları və s. tədbirlər oldu. Bunu Rusiya prezidenti öz bəyanatında da xüusi vurğuladı. Bütün bunlar iki ölkə arasında humanitar əlaqələrin daha da yüksək olmasını göstərir.

Azərbaycanla Rusiya arasında humanitar əlaqələrdən danışanda burada rusdilli məktəblərin olmasını da xüsusi qeyd etməliyik. Ümumiyyətlə, bizim məktəblərdə ayrıca sektor olaraq yalnız xarici dil kimi rus dildə dərslər tədris olunur. Bu da Rusiya ilə olan tarixi əlaqələr, dostluq və qonşuluq münasibətlərindən irəli gəlir. Humanitar əməkdaşlıq sahəsində görüləcək işlərə hər iki ölkənin prezidenti bəyanatında xüsusi toxunub. Prezident İlham Əliyev deyib ki, humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir: “Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu gün, həmçinin təhsil sahəsində münasibətlərin inkişafı məsələsini müzakirə etdik”.

Rusiya prezidenti Azərbaycanda rus dilinə göstərilən bu diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıq edib. Ümumiyyətlə, bu məsələ ilə bağlı Rusiya rəsmiləri tərəfindən Azərbaycan rəhbərliyinə dəfələrlə təşəkkür olunub. Bildirilib ki, Azərbaycanda təhsil müəssisələrində rus dilinə xüsusi diqqət göstərilir. Bəyanatlarda Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü də səsləndi. Düşünürük ki, qeyd edilən universitetin açılması hər iki ölkədə müxtəlif sahələr üzrə yeni kadrların yetişməsində mühüm rol oynayacaq.

Ümumi olaraq, bütün bunlar Azərbaycan və Rusiya dövlətinin ən yuxarı səviyyədə dost və müttəfiqliyinin müsbət nəticəsidir. İki dövlət ildən-ilə strateji tərəfdaşlıq və müttəfiqliyi möhkəmləndirməklə regionda birlik nümunəsi olacaq.

 

Aybəniz Rüstəmova

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq

kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent