İstintaq hərəkətlərinin aparılması üçün maddi sübutlar maliyyə xidmətindən, eləcə də saxlama kamerasından təhqiqat və ya ibtidai istintaq aparan şəxsə verilə bilər. Bu zaman maddi sübutların verilməsi aktla rəsmiləşdirilir.
Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Barəsində həbs qətimkan tədbiri seçilmiş şəxs istintaq təcridxanasına qəbul olunarkən və yaxud təcridxanada saxlanılarkən onun gizli yolla təcridxanaya daxil etdiyi pul, qiymətli əşya aşkarlandıqda bu barədə akt tərtib olunur və həmin pul və ya qiymətli əşya həbs olunmuş şəxsin şəxsi hesabında saxlanılması üçün maliyyə orqanına verilir. Həmin şəxs barəsində azadlıqdan məhrum etmə növündə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda həmin vəsaitdən dəymiş maddi ziyanın ödənilməsi üçün tutmalar qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.