Saxlama kamerasına təhvil verilmiş maddi sübutların üzərinə xırda fanerdən yarlıqlar düzəldilməlidir ki, həmin yarlıqda cinayət işinin nömrəsi, təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda törədilmiş cinayətin qısa məzmunu qeyd edilir.
Heftelik.az.-ın məlumatına görə, bu “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Götürülmüş və üzərinə həbs qoyulmuş silah, döyüş sursatı, partlayıcı maddələr müvəqqəti saxlanılması üçün Maddi-texniki qurumunun (bundan sonra – MTQ) silah-sursat anbarına təhvil verilir. İstintaq hərəkətləri zamanı götürülmüş qiymətli metallar (qızıl, gümüş, platin və platin mənşəli digər metallar) və daşlar (almaz və sair), mirvari, onlardan hazırlanan zərgərlik əşyaları və ya onların qırıntıları, habelə qiymətli metaldan sikkələr müvafiq baxışın keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 (yeddi) gündən gec olmayaraq müvəqqəti saxlanılması üçün İQ tərəfindən qablaşdırılmış və möhürlənmiş halda müvəkkil bankın saxlama kamerasına təhvil verilir.