Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Sözü ilə əməli bir olan etibarlı tərəfdaş, dünyada əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən, beynəlxalq aləmdə nüfuzu durmadan artan müstəqil Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir.

Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, xüsusilə də Özbəkistanla münasibətlərin inkişafı mühüm yer tutur.

Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistanla ölkəmiz arasında əlaqələr son illərdə durmadan genişlənir. Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə malik olan Azərbaycanla Özbəkistanın dostluq, qardaşlıq münasibətləri dövlət müstəqilliklərini əldə etdikdən sonra daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqilliyin ilk illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.

Bu gün həmin münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu mənada, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisidir və səfərin əsas mahiyyətinə strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. İki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Bunun nəticəsində qardaş ölkələr arasında təşəkkül tapmış strateji tərəfdaşlıq günbəgün güclənməkdə və məzmunca daha da zənginləşməkdədir.

Azərbaycan Respublikası Prezidentinin Özbəkistana dövlət səfəri dünyada yeni yaranmış geosiyasi hadisələr fonunda xüsusi hədəflərə hesablanmış tarixi bir hadisədir. Səfər təkcə Azərbaycan-Özbəkistan əlaqələrini tamamilə yeni və strateji tərəfdaşlıq mərhələsinə yüksəltmir. Eyni zamanda Türk dünyasının inteqrasiyası və güclənməsi üçün real imkanlar yaradır. Səfər çərçivəsində prezidentlərin yeni əməkdaşlıq layihələrinin müzakirələri əsasında gələn ilin Özbəkistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq ili elan edilməsi və 20 prioritet istiqaməti əhatə edən kompleks proqramın qəbul edilməsi razılaşdırılıb.

Nəqliyyat, kommunikasiya, enerji və digər infrastruktur layihələrini, o cümlədən çoxtərəfli əsasda həyata keçirməklə iki ölkə arasında qarşılıqlı asılılığın gücləndirilməsinin zəruriliyi qeyd edilib.

Tərəflər uçuşların sayını artırmaq, yerüstü və hava nəqliyyatında prosedurları mümkün qədər asanlaşdırmaq, rəqəmsal həlləri tətbiq etmək barədə razılığa gəliblər. Regionlararası əlaqələrin aktivləşdirilməsinin vacibliyi qeyd edilib. 2025-ci il üçün ayrıca regionlararası əməkdaşlıq planının, iki ölkənin regionlarının sənaye potensialının və infrastrukturunun inkişafı üzrə tərəfdaşlıq proqramının qəbul edilməsi və növbəti regional forumun Kokan şəhərində keçirilməsi nəzərdə tutulub.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub və iki ölkə liderlərinin – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.

 

Sənan Hüseynov

Nyu-York Elmlər Akademiyasının üzvü, ADNSU III kurs tələbəsi