Bakı Dövlət Universitetinin müəllimi, professor Nəsiman Yaqublu Cəbrayıl rayonu ərazisində yol qəzasında ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Heftelik.az-a bildirilib ki, bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu “Nissan” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.

Nəsiman Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məlumata görə, deputatlığa namizəd olan Nəsiman Yaqublu Zəngilanda seçicilərlə görüşdən qayıdırmış.

Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət UniversitetininJurnalistika fakültəsində təhsil alıb.

1983-cü ildən isə təhsilini davam etdirmək üçün Rusiyaya gedib və Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub.

Bir müddət “Yazıçı” nəşriyyatında redaktor fəaliyyəti göstərən Nəsiman Yaqublu 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında “Ağrılı ömürlər” kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında olan əsərini nəşr etdirib.

Onun 1992-ci ildə Xocalı faciəsi haqqında “Xocalı qırğını” kitabı 30000 tirajla çap olunub.

2001-ci ildə “Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə” mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə “Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Professor 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərib.