Prezident İlham Əliyev: “…regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”
Azərbaycan müxtəlif ölkələrlə ikitərəfli münasibətlərini dinamik inkişaf etdirir. Bu baxımdan ölkəmiz dost və qardaş Özbəkistanla da əlaqələrini ildən-ilə daha da möhkəmləndirir. İki dövlət arasında diplomatik əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. Lakin Azərbaycan və özbək xalqları arasında qədim zamanlardan ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcuddur. Ortaq tarixə, dinə və mədəniyyətə, ortaq köklərə malik olan iki xalq uzun illərdir ki, bu dəyərləri qoruyub saxlayırlar. Buna misal olaraq dahi özbək mütəfəkkiri Əlişir Nəvainin “Xəmsə”sini dahi Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq yazmasını göstərmək olar. Daşkənddə və Bakıda Nizami Gəncəvinin və Əlişir Nəvainin abidələri ucaldılıb Dünya şöhrətli astronom Mirzə Uluqbekdən sonra Azərbaycan iki xalq arasında mövcud olan tarixi qarşılıqlı maraq və hörmətin bariz nümunəsidir. Bakıda İçərişəhərdə yerləşən, 15-ci əsrə aid Buxara karvansarası Asiyadan gələn tacirlər tərəfindən tikilib. Azərbaycan filosofu, şairi və görkəmli din xadimi, Qarabağ əsilli, XVI-XVII əsrlərdə yaşamış Yusif ibn Məhəmmədcan Qarabağinin məzarı Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar əlaqələrimizin keçmişindən xəbər verir və göstərir ki, hətta o dövrlərdə xalqlarımız arasında ticarət və mədəni əlaqələr mövcud olub.
Sovet dövründə iki qardaş xalq arasında mədəni əlaqələr də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində baş verən kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
1997-ci il iyunun 18-19-da Ümummilli Lider Heydər Əliyevin Özbəkistana rəsmi səfəri zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bununla Azəraycanla Özbəkistanın uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquqi baza yaradılıb. Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə imzalanıb. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistanda rəsmi səfəri zamanı isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb. Cənab Prezident Daşkənddə mətbuata verdiyi bəyanatında bu sənədin imzalanmasını tarixi məqam olaraq qeyd edib: “Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Çünki biz fəal işləyirik və Şavkat Miromonoviçin dediyi kimi, ən müxtəlif – regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”.
Cənab Prezidentin səfəri Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Artıq iki ölkə arasında əlaqələr strateji əməkdaşlıq xarakteri daşıyır.
Əhəmiyyətli nəqliyyat arteriyaları üzərində yerləşən Azərbaycan və Özbəkistan nəqliyyat sektorunda fəal əməkdaşlıq edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturları yaradılmış, onların vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunmuşdur. Prezident İlham Əliyev səfər çərçivəsində Özbəkistanda işgüzar dairələrinin nümayəndələri ilə görüşü zamanı çıxışında deyib ki, biznes strukturları siyasi konyunkturaya çox həssas reaksiya verir: “İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir”.
Bu görüş bir daha göstərir ki, hər iki ölkə iqtisadi əlaqələrin inkişafında da maraqlıdır. Qarşılıqlı investisiyaların yatırılması, iş adamlarının əlaqələrinin genişlənməsi, Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərinin inkişafına yeni bir təkan verəcək.
Gülzar İbrahimova
Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru,
siyasi elmlər üzrə elmlər doktoru, professor