2024-2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilib.

Bu barədə Heftelik.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, II mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Boş qalan yerlərə sənəd qəbulu 3 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.

Peşə təhsil müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.

Qeyd edilib ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi 29 iyul – 12 avqust tarixlərində 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılıb. Peşə təhsil müəssisələrinə qəbul olan namizədlərdən 16298 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim ediblər.