Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Müəyyən edilib ki:
– Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır;
– əsasnaməsi, strukturu və işçilərinin say həddi təsdiq edilənədək Agentilk Xidmətin mövcud əsasnaməsi, strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi tətbiq edilməklə fəaliyyət göstərir;
– Xidmətin regional bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək mövcud əsasnamələri (nizamnamələri) əsasında Agentliyin regional bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar kimi fəaliyyətlərini davam etdirirlər.
Nazirlər Kabineti:
– Agentliyin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
– Agentliyin yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
– Xidmətin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etməlidir.