Kəlbəcərdə dağ keçilərinin vurulması ilə bağlı görüntülər araşdırılır.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov məlumat verib.
O bildirib ki, Kəlbəcər rayonunda dağ keçilərinin vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılır.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, qeyd olunan görüntülərlə bağlı Kəlbəcər rayon Polis Şöbəsində müvafiq araşdırma başlanılıb:
“İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekpertizanın rəyindən sonra heyvanların hansı səbədən tələf olması məlum olacaq”.