31 avqust, 1 və 2 sentyabr tarixlərində respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.
Heftelik.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır.
N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb.
“Yanğın indeksi Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkirdə yüksək, Ağstafa, Tərtər, Naftalan, Ağdamda isə çox yüksək, Balakən-Şəki bölgəsi üzrə Oğuz, Qəbələ, Şəkidə yüksək, Quba-Xaçmaz bölgəsində Quba, Qusar, Xızıda yüksək, Şabranda isə çox yüksək, Dağlıq Şirvan bölgəsi üzrə Şamaxıda yüksək, İsmayıllı, Qobustanda isə çox yüksək, Lənkəran-Astara bölgəsi üzrə Lənkəran, Yardımlı, Astarada yüksək, Naxçıvan MR-da Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək müəyyən edilib”.
Xidmət rəisi vətəndaşları təbiətdə, xüsusən meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq qaydada odla ehtiyatlı davranmağa çağırıb.