Bu gün Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə başlayıb.
Heftelik.az-ın məlumatına görə, saat 08.00-da səsverməyə start verilib.
Səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.
Məzahir Pənahov bildirib ki, bu gün Azərbaycanda tarixi gündür. MSK sədri parlament seçkilərinin 125 dairəni, ümumilikdə 6478 seçki məntəqəsini (6343 daimi, 135-i müvəqqəti seçki məntəqəsi) əhatə etdiyini nəzərə çatdırıb. Qeyd olunub ki, ilk dəfə Azərbaycanın azad olunmuş ərazilərində parlament seçkiləri keçirilir. Azad olunmuş ərazilərdə 34-ü daimi, 20-i müvəqqəti olmaqla, 54 seçki məntəqəsi fəaliyyət göstərəcək. 119 seçki dairəsinin əhatə edən 1000 məntəqədə veb-kamerala quraşdırılıb.
Parlament seçkilərində 6 421 960 seçici səsvermə hüququndan istifadə edə bilər. Bu seçicilərin 47.55 faizi kişi, 52.45 faizi isə qadınlardır. Seçki günü 18 yaşı tamam olan 374 seçici olacaq. Milli Məclisə seçkilərdə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 141 nəfərdir.
Səsvermə üçün 6 516 567 bülleten çap edilib.
Parlament seçkilərini izləmək üçün 112 749 nəfər yerli, 598 nəfər beynəlxalq müşahidəçi (51 qurumdan, 69 ölkənin vətəndaşları) qeydiyyatdan keçib.
Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib, seçki məntəqələri səsvermə üçün açıq elan edilib.
Milli Məclisdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Seçkilərdə 25 siyasi partiyanın 305 nümayəndəsi namizəd kimi qeydə alınıb. Namizədlərdən 371 nəfərin də siyasi partiya mənsubiyyəti olmasına baxmayaraq, partiyalar tərəfindən irəli sürülməyib.
Səsvermə saat 19:00-da bitəcək.
Qeyd edək ki, MSK Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.