Bakıda kriminal avtoritetin adından istifadə etməklə köşklərdən pul toplayan Mehdi Abbaszadənin məhkəmə araşdırması başa çatıb.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Təqsirləndirilən şəxs zərərçəkmiş qismində tanınmış köşk sahiblərinin şikayəti əsasında həbs edilib.
İttihama görə, Mehdi özünü Rusiyada yaşayan kriminal avtoritet Ülfət Tağıyevin (“Rufo Gəncinski”) yaxını kimi təqdim edərək “haqq” tələb edib.
Zərərçəkmişlərdən biri-Cahid Hacıyev ifadəsində deyib ki, işçisi ona zəng edərək bir nəfər tanımadığı adamın onunla görüşmək istədiyini deyib. Uzaqda olduğu üçün köşkə gələ bilməyib. Həmin şəxs işçisinin yanında köşkdən 600 manat götürüb gedib.
Köşkün işçisi Vüqar Quliyev özü də məhkəmədə ifadə verib. Deyib ki, Mehdi ona “Rufo Gəncinski”nin adamı olduğunu deyərək hədə-qorxu gəlib: “Dedi ki, pul verməsən, köşkü dağıdacağıq. Mən də qorxdum, heç nə deyə bilmədim. Kassadan 600 manat götürüb getdi”.
Təqsirləndirilən şəxs bundan başqa, yeraltı keçidlərdə yerləşən bir neçə köşkə daxil olaraq hədə-qorxu ilə tələbetmə yolu ilə pul alıb.
Azər Tağıyevin sədrlik etdiyi məhkəmə tərkibi təqsirləndirilən şəxsə quldurluq, hədə-qorxu ilə tələbetmə və dələduzluq maddələri ilə verilmiş ittihamları əsaslı hesab edib.
Hökmə əsasən, M.Abbaszadə 6 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ülfət Tağıyev mərhum qanuni oğru Rövşən Lənkəranskinin sağ əli kimi tanınıb. O, Rusiyada həbsdə olub. 2021-ci ildə 8 illik cəzası başa çatdıqdan sonra azadlığa buraxılıb.