Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.
Heftelik.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Azərbaycandan ixrac edilən tökmə çuqunun tullantıları və qırıntıları, qalay layı ilə örtülmüş qara metalların tullantıları və qırıntılarının 1 000 kq üçün tarif dərəcəsi 7 ABŞ dollarından 500 ABŞ dollarına artırılıb.
Torna yonqarları, kəsiklər, qırıntılar, frezer istehsalatı tullantıları, mişarağzı və təkrar əritmə üçün külçələrin (şixta külçələri) tarif dərəcəsi 1000 kq üçün 5 ABŞ dollarından 500 ABŞ dollarına artırılıb.
Saflaşdırılmış misin, mis və sink əsasında ərintilərin (latunun), hər 1000 kq-ı üçün ixrac rüsumu 15 ABŞ dolları, 31.12.2024-cü il tarixinədək -10 %, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla olub. Dəyişikliyə əsasən, saflaşdırılmış misin hər 1000 kq-ı üçün ixrac rüsumu 50%, lakin 1000 kq-a 4000 ABŞ dollarından az olmamaqla olacaq.
Eyni zamanda torna yonqarı, kəsiklər, qırıntılar, frezer istehsalı tullantıları, mişarağzı və kəsiklərin tullantıları; qalınlığı 0,2 mm-dən (altlıq hesaba almadan) çox olmayan, boyanmamış, müxtəlif örtüklü və ya birləşdirilmiş vərəqlərin və folqanın tullantılar, digərləri (brak edilmiş məmulatlar daxil olmaqla) və qırıntılar üçün ixrac rüsumu 1000 kq – 15 ABŞ dolları olub. Dəyişikliyə əsasən, ixrac rüsumu 50%, lakin 1000 kq-a 1000 ABŞ dollarından az olmamaqla olacaq.
İxrac gömrük rüsumundan azad olan aşqarlanmamış nikelin, nikel ərintilərin, volfram, kobalt, sirkonium, antimon və berillium, xrom, hafnium, renium, tallium, kadmium, germanium, vanadium, qallium, indium, niobium tullantıları və qırıntıları üçün ixrac rüsumu gömrük dəyərinin 50 faizi həcmində olacaq.
Bu Qərar dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minir.