Rusiya üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Zəngəzur dəhlizinin açılmasında israr edir və bu məsələdə Moskva ilə Bakının maraqları üst-üstə düşür. Lakin Tehran bundan narahatdır və Rusiya səfiri Aleksey Dedovun İran Xarici İşlər Nazirliyinə çağrılması da bununla bağlıdır. Rəsmi Tehran bu məsələdə Moskvadan dəstək alacağını düşünsə də proses göstərir ki, İran hakimiyyəti yanılıb. Ona görə ki, Zəngəzur dəhlizinin açılması Rusiyanın Cənubi Qafqaz siyasətinin prioritetlərindən biridir.
Ermənistan rəhbərliyinin yolun təhlükəsizliyi ilə bağlı irəli sürdüyü bəhanələr vaxt keçdikcə işə yaramır. Ermənistan-Rusiya münasibətlərinin gərgin olduğu dövrdə belə rəsmi İrəvanın Zəngəzur dəhlizi üzərində Rusiyanın nəzarət imkanlarını ortadan qaldırmaqla bağlı Qərbin təhrikləri səmərəsiz qalıb. Çünki üçtərəfli bəyanata görə 42 kilometrlik dəhliz üzərində təhlükəsizliyi Rusiya təmin etməlidir. Ermənistan isə bu məsələdə Rusiya ilə əməkdaşlıqdan boyun qaçırır.
Ermənistan baş nazirinin xarici dairələrin, xüsusilə də Fransanın məsləhəti ilə irəli sürdüyü qondarma “Sülh yol kəsişməsi” layihəsi bütün parametrlərinə görə səmərəsizdir, o regional və qlobal maraqları təmin etmir. Zəngəzur dəhlizi isə hələ də aktuallığını qoruyub saxlayır və Ermənistan bu məsələ ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə o zaman regionun nəqliyyat potensialının daha da gücləndirilməsinə mühüm töhfə vermiş olar.
Ermənistan hakimiyyətini narahat edən əsas məsələ Prezident İlham Əliyevin beynəlxalq leksikona saldığı “Zəngəzur dəhlizi” ifadəsidir. Rəsmi İrəvan nə qədər çalışsa da bu terminin ləğvinə nail ola bilmədi. Əslində isə Ermənistan rəhbərliyi bu məsələyə fokuslanmaqdan daha çox ölkənin iqtisadi inkişafına və onun region dövlətləri ilə sıx əməkdaşlığına töhfə verəcək, daha geniş mənada onu qlobal iqtisadi proseslərin bir hissəsinə çevirəcək layihənin fəaliyyətinin bərpa olunmasına yardım etməlidir. Bu mənada Azərbaycan artıq uzun illərdir ortaya yaxşı nümunə qoyub. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin mühüm hissəsinə çevrilib.
İran hakimiyyəti hələ də hesab edir ki, Zəngəzur dəhlizi işə düşərsə bu zaman İran-Ermənistan sərhəddi bağlanacaq. Halbuki, söhbət sərhədin qapanmasından deyil, dəhlizin açılmasından gedir ki, bundan müxtəlif ölkələr, o cümlədən İran özü də istifadə edə bilər.
Bütün hallarda üçüncü bir ölkə Azərbaycan və Ermənistanın daxili işlərinə qarışa bilməz. Zəngəzur dəhlizinin açılmasına da iki dövlət qərar verəcək. Bu günlərdə Nikol Paşinyanın Azərbaycanla ikitərəfli danışıqların əhəmiyyətinə və nəticəyönümlü olmasına dair verdiyi bəyanat da təsdiqləyir ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı müstəqil qərar verəcək və bu məsələdə bəzi regional aktorların, konkret desək, İranın maraqları İrəvan adminstrasiyasını az maraqlandırmağa başlayıb. Tehranın istəyindən asılı olmayaraq Zəngəzur dəhlizi işə düşəcək. Çünki Ermənistan Azərbaycanla İran arasında ayrıca dəhlizin olmasını istəmir. Onları narahat edən əsas məsələ odur ki, İrandan keçən Araz dəhlizi işə düşərsə Zəngəzur dəhlizi öz aktuallığını itirəcək. Bu isə Ermənistanın milli maraqlarına cavab vermir. Çünki Ermənistan oyundankənar vəziyyətə düşür və Orta dəhlizin tərkib hissəsi olmaq funksiyasını itirir.
MTM Analitik Qrup