4 yaşlı uşağın ömürlük anasız, illərlə atasız qalacağına səbəb olan cinayət hadisəsi…
Bəhs edilən real hekayə Azərbaycanın cənub bölgəsində, daha dəqiq desək, Masallı rayonunun Təklə kəndində baş verib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, 47 yaşlı Yalçın Məmmədov və 44 yaşında cinayət qurbanı olmuş İlkanə Məmmədova 2008-ci ildə ailə qurublar. Əvvəl ailədaxili mübahisələr, sonradan cütlüyün övlad sahibi ola bilməməsi, bir müddət sonra ailənin maddi vəziyyətinin pisləşməsi evdəki münasibətləri daha da kəskinləşdirib.
11 illik müalicələrdən sonra İlkanə ana olur. Amma qız övladının doğulması ilə gələn sevinc də uzun çəkmir. Yalçının anasının ölümü, uşağın xərclərini tam qarşılaya bilməmək mübahisələri aramsız edir.
Yalçının arvadını öldürdükdən sonrakı günlərdə müstəntiqə verdiyi ifadəsi məhkəməyə təqdim edilib. O, hər şeyi ətraflı danışıb:
“İlkanə ilə 15 il əvvəl evlənmişdik. İlk vaxtlarda münasibətlərimiz normal olsa da, sonradan aramızda soyuqluq yaranmağa başladı. Bunun da əsas səbəblərindən biri imkansızlıq idi. Son illlərə kimi anam da, mən də pensiya alırdıq. Birtəhər dolanırdıq. Anamın ölümündən sonra mənim də pensiyam dayandı. Ara-sıra qardaşım bizə köməklik etməyə başladı. Həmin vaxtlarda İlkanə ilə də münasibətlərimiz lap pisləşdi. Məni tez-tez əsəbiləşdirir, evdə kişi kimi görmürdü. Ona dəfələrlə xəbərdarlıq edirdim. Hətta bir dəfə dedim ki, məni qəbul etmirsənsə, pencəyimi götürüb gedə bilərəm. Onun “kişisinsə, evini kişi kimi idarə et”-, deməsi məni lap özümdən çıxarırdı. Evdəki vəziyyətdən bizdən ayrı yaşayan qardaşıma danışıb gileylənməsi isə məni daha çox pis edirdi. Dəfələrlə ona belə etməməsini deyirdim. Baş verənlərə dözə bilməyib son 6 ayda depressiyaya düşdüm. Bu da ailədaxili gərginliyi pik həddə çatdırdı.”
Cinayətdən 24 saat əvvəl və həmin gün…
“İyulun 29-u idi. Aptekdən dərman alıb evə qayıdırdım. Evə çatanda İlkanənin qonşunun həyətində söhbət etdiyini gördüm. Ondan evə gəlib çay verməsini istədim. Amma mənə çay vermək istəmədiyini dedi. Əsəbi halda ona tərəf bir neçə daş atdım. Səhəri gün evdə yenə dalaşdıq. Məni təhqir etdi. Utandığım üçün bütün pencərələri bağladım ki, qonşular eşitməsin. Bundan sonra evə daxil olub, onu öldürmək fikrimi qətiləşdirdim. Çarpayıda yanına uzandıqdan sonra bıçaqla vurmağa başladım… Müqavimət göstərməyə başladı. Bu vaxt bıçaq əlimdən düşdü. Ondan sonra əynindəki donla bərk boğmağa başladım. Bir neçə dəqiqə sonra canını verdiyinə əmin oldum”.
İlkanədən sonra özümü də öldürmək istədim. Üç bıçaqla özümə zərbələr endirdim, amma olmadı…
“Ölməyim üçün üç bıçaq dəyişdim. Əvvəl damarlarımı kəsdim, sonra bıçağı sinəmə vurdum. Küt olduğu üçün yaxşı kəsmirdi. Buna görə divara dirəyib, özümü möhkəm bıçağa çırpdım. Qan içində yerə yıxılıb, huşumu itirdim…”
“Bir qədər sonra qızımın kənar otaqdan gələn səsinə qəfil oyandım. Çoxlu qan itirirdim. Divarlardan tuta-tuta qızımın otağına keçdim. Bir dənə məndən su istədiyini eşitdim. Ondan sonra özümdən getdim. Oyananda artıq xəstəxanada idim. Bir onu deyə bilərəm ki, peşmanam.”
Nəticə – Yalçın cəzadan azad edilir…
Hadisədən sonra keçirilən ekspert rəyləri ilə Yalçının cinayəti anlaqsız vəziyyətdə törətdiyi sübut edilib. Rəydə onun əvvəldən də bəzi psixi pozuntuları olduğu əksini tapır. Prokurorun məhkəməyə göndərdiyi qərarda Yalçının cəzadan azad edilərək məcburi müalicə üçün uzunmüddətli xəstəxanaya yerləşdirilməsi tövsiyə edilib.
Təqsirləndirilən şəxs özü də məhkəmədə anlaqsız cinayət törətdiyini və əməlindən peşman olduğunu deyərək əlavə ifadə verməkdən imtina edib. Mərhum İlkanənin yaxınları isə həkim rəylərini qəbul etmir. Onlar Yalçının xəstəliyinə inanmır, həbsə göndərilməsini tələb edirlər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfləri dinlədikdən, ekspertiza rəyləri ilə tanış olduqdan sonra təqsirləndirilən şəxsin cinayəti anlaqsız vəziyyətdə törətdiyini təsdiqləyib. Müşfiq Məmmədovun sədrlik etdiyi məhkəmə tərkibinin qərarı ilə Yalçın Məmmədov cinayət məsuliyyətindən azad edilib. Qərar apellyasiya məhkəməsində qanunu qüvvəyə minərsə o, məcburi psixatriya stiasionarında müalicəyə cəlb ediləcək.