Prezident İlham Əliyev: “Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər”

Bugünlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfəri edib. Azərbaycan Prezidentinin İtaliyaya uğurlu səfəri iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımdır. Səfər çərçivəsində Prezident İlham Əliyevin Romada İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə işçi naharı olub. Görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb, ölkəmizin İtaliyanın yaxın tərəfdaşı olduğu qeyd edilib. Son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən dövlətimizin başçısı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, İtaliya-Azərbaycan əlaqələrinin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğulayıb, İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bildirib.

Dövlətimizin başçısı Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni ildə görüşüb. Ciorcia Meloni ilə İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə dair ətraflı müzakirələr aparılıb. İki ölkə arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Bu xüsusda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb. Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd olunub. Nəzər çatdıraq İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə təsir edib.

Həmçinin Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Baş nazir Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.

Prezident İlham Əliyev İtaliya səfəri çərçivəsində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada da iştirak edib. Dövlətimizin başçısı forumdakı çıxışında deyib ki, uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər: “Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Mattarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”. Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamə və digər sənədlər imzalanıb. Azərbaycan və İtaliya arasında imzalanmış “Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamə” iki dövlət arasında həm siyasi, həm iqtisadi, həm də strateji əməkdaşlığın daha da inkişaf etdirilməsini özündə ehtiva edən ən mühüm sənədlərdən biridir. Bunu da qeyd etmək yerinə düşər ki, bu gün İtaliya Azərbaycanla beynəlxalq layihələrdə əməkdaşlıq edir, belə ki, Azərbaycan qazı Cənubi Qaz Dəhlizi vasitəsilə (TAP Avropa hissəsi) İtaliyaya çatır. Sənədin digər önəmli tərəfi isə hər iki dövlətin qarşılıqlı olaraq, bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmasıdır. Bu sənəd Avropa Birliyi ilə münasibətlərə də töhfə verməsi danılmazdır. Qarşılıqlı dövlət əhəmiyyətli sənədlərin mübadiləsi hər iki dövlətin gələcəkdə də əməkdaşlıqdan məmnunluğunun bariz nümunəsidir.

İtaliya Azərbaycanın ən əsas xarici ticarət tərəfdaşlarından biridir. Cənab Prezidentin qeyd etdiyi kimi, iki ölkə arasında ticarət əməkdaşlığı olduqca fəaldır: “İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir”. Bir nüansı xüsusilə vurğulamaq lazımdır ki, son illər Azərbaycan və İtaliya arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir. 2018-ci ildə İtaliya senatının sədri, xanım Maria Elisabetta Alberti Kasellatinin, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərləri, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya geniş tərkibli rəsmi dövlət səfəri Azərbaycan və İtaliya arasındakı mövcud əlaqələrin daha da sürətli inkişafından xəbər verir. Dövlət başçıları görüşlər və müzakirələr zamanı ikitərəfli münasibətlərin strateji xarakterini təsdiq ediblər.

Prezident İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə də görüşüb. Bu görüşlərdə “Ansaldo Energia” şirkətinin və “Acwa Power”in Azərbaycanda enerji stansiyalarının tikintisi istiqamətində görülən işlərdən danışılıb.

Cənab Prezidentin İtaliya səfərində iki ölkə arasında enerji sahəsində əməkdaşlığın önəmi bütün görüşlərdə qabardılıb. Bu baxımdan TAP layihəsi xüsusi vurğulanmalıdır. Çünki hazırda TAP layihəsi həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, hazırda bu layihə Avropanın 10 ölkəsinin enerji təchizatında vacib rol oynayır.

İtaliya Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrə hər zaman dəstək olmağa çalışır. Azərbaycanı, həmçinin Avro Atlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür. Eyni zamanda 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. Bütün bunların fonunda Prezident İlham Əliyevin İtaliyaya dövlət səfərini Azərbaycan xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirmək olar.

 

Kamal Paşa-zadə

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin

violonçel ixtisası üzrə müəllimi,

Azərbaycan Respublikasının Əməkdar müəllimi