Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən “Sonsuz qardaşlıq – III” çoxmillətli təlimi davam edir.
Müdafiə Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlıları poliqonda yaradılmış təlim nöqtələrində taktika, atəş, snayper, dağ və paraşüt hazırlığı üzrə praktiki məşqləri yerinə yetirirlər.
Çoxmillətli qruplar halında keçirilən döyüş hazırlığı məşğələləri iştirakçı ölkələrin hərbi qulluqçularının təcrübəsindən bəhrələnməyə və onların tətbiq etdiyi forma və metodları mənimsəməyə imkan yaradır.
Təlimin növbəti mərhələsində iştirakçı bölmələrin qarşısında yaşayış məntəqəsindəki qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim-döyüş tapşırığı qoyulub.
Real döyüş şəraitinə uyğunlaşdırılmış təlimdə xüsusi təyinatlılar tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.
Bu cür təlimlər bölgələrdə sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə səylərin birləşdirilməsinə xidmət edir və şəxsi heyətin qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqların uğurlu icrasına böyük töhfə verir.