– Zəhmət olmasa özünüz barədə məlumat verərdiniz.
– Deyərdim ki, kəşf etməyi sevən, daim sorğulayan, araşdıran və həyatın kiçik gözəlliklərindən zövq ala bilən biriyəm. Olmayan yerdən mümkün resurslarla imkanlar yaradan və xəyal etdiyimiz dünyanın heç də idrakımızdan çox uzaq olmadığı fikrinə inanan insanam. Mən əslən Xankəndidənəm, həyatımın böyük bir qismini Azərbaycanda keçirmişəm. Bu günə qədər fərqli periodlarla beş ölkədə yaşamışam. Hazırda Avstriyanın Vyana şəhərində yaşayıram.
İxtisas olaraq Biznes Analitika – Data elmləri üzrə Magistr dərəcəsini bitirmiş, maliyyə və texnologiya sektorunda bir çox iri miqyaslı rəqəmsal transformasiya layihələrinə rəhbərlik etmişəm. Hazırda isə İT layihə meneceri kimi fəaliyyət göstərirəm. İxtisasımın texniki olmasını çox sevsəm də, hər zaman hər şeydə balansı qorumağa çalışdığım üçün yaradıcı tərəfimi də aktiv saxlayan məşğuliyyətlərim var. Bu tərəfimi cəmiyyətdə nisbətən diqqətdən kənar qalmış mövzuları işıqlandırmağa dəstək olan sosial layihələrə qatılaraq işə salıram.
Buna misal olaraq, 2014-cü ildə, UNİCEF İtaliya laboratoriyasında “Adopt a Pigotta“ layihəsi üzrə fandreyzinq könüllüsü olaraq çalışmışam. Qeyd edim ki, bu layihədən qazanılan gəlir Mərkəzi və Qərbi Afrika regionunda yaşayan uşaqların qida, vaksin və təhsil xərcləri üçün ianə edilmişdi. 2015-2017-ci illərdə universitetimizdə keçirilən sosial məsuliyyət layihələrində komanda olaraq müxtəlif dərəcəli qalibiyyətlərimiz olub, bunlardan biri də mənim rəhbərlik etdiyim 3 fərqli icma üzvünü – kimsəsiz uşaqları, daun sindromlu uşaqları və qocalar evindəki yaşlıları musiqinin gücü ilə bir araya gətirən AGAPE layihəsi olub. Hətta bu layihə üçün musiqisi və sözləri komanda üzvlərimizə aid olan videoklip belə hazırlamışdıq ki, bu icmalar barədə daha çox insan fərqindəlik qazansın. Sonuncu dəfə isə 2023-cü ildə, “Vogue” İtalya jurnalının baş redaktoru ilə “Fashion Revolution” icmasının birgə layihəsi olan “Qadın, həyat, azadlıq” – İran cəmiyyətində gender ayrı-seçkiliyinə və qadın təzyiqinə son qoymağa çağıran incəsənət müsabiqəsində iştirak etmişəm və göndərdiyim videoçarx 12 finalçıdan biri kimi seçilərək Milanda yerləşən məşhur Fondazione Sozzani qalereyasında nümayiş etdirilmişdi. Amma bütün bunlar arasında mənim üçün ən dəyərli sosial layihə – Violette Mentorluq proqramıdır, hansı ki, 2020-ci il pandemiya dövründə şəxsi bir təşəbbüs kimi başlamış və 2023-cü ildə daha çox qızımızın sistemli inkişafına dəstək ola bilmək naminə ictimai proqrama çevrilmişdir.
-Necə oldu ki, belə bir layihə başlatmağa qərar verdiniz? Violette Mentorship proqramı haqqında oxucularımızı məlumatlandıra bilərsinizmi?
-Ümumiyyətlə, mentorluq vasitəsilə səlahiyyətləndirmə həmişə mənim həyatımda göz ardı edə bilmədiyim, bugünkü mənin formalaşmasına bilavasitə təsir edən əsas amillərdən biri olub. Düşünürəm ki, istər peşəkar, istər şəxsi inkişafımda, vaxtı ilə özümdə görə bilmədiyim güclü tərəflərimi görən və zəif tərəflərimi inkişaf etdirmək üçün yol göstərən insanların, yəni mentorlarımın rolu əvəzsizdir. Pandemiya dövründə bir çox insan kimi mən də həyatımı sorğulamış və cəmiyyətə necə daha yararlı ola bilərəm deyə düşünərkən, həyatımın ən çətin periodlarını aşmaqda dəstək olmuş sözünü etdiyim həmin o mentorlarımı xatırladım və qərara aldım ki, mən də sadəcə əldə etdiyim bilik və təcrübələrimi sistemli şəkildə ehtiyacı olan qızlarımızla paylaşaraq, onların əsl potensiallarının üzə çıxmasına dəstək olacağam. Heç bir gözləntim yox idi. O zaman bu sadəcə mənim üçün pilot bir layihə idi. Hər şey kiçik bir Facebook postu ilə başladı. Hansı ki, mən çox sadə bir müraciət sorğu yerləşdirmiş və dostlarımdan bu postu ətrafları ilə paylaşmaqlarını istəmişdim. Yanlış xatırlamıramsa, 20 müraciət gəlmişdi. Onların içərisindən motivasiyaları digərləri ilə müqayisədə daha yüksək olan 3 qızımızı seçdim və hər biri ilə müəyyən bir yol qət etdik. Bu yolun sonunda o qədər heyrətamiz geri dönüşlər aldım ki, 2023-cü ilə Violette pilot layihədən sistemli bir proqrama çevrildi. Bu arada, uğur hekayələrimizi İnstagram səhifəmizə keçid edərək oxuya bilərsiniz.
Proqramın məqsədinə gəldikdə, əsas məqsəd aztəminatlı ailələrdən- əlil, şəhid, qazi ailəsindən olanlar, valideynlərindən birini və ya hər ikisini itirmiş şəxslər, ucqar kənd sakini və ya valideynlərindən heç biri işləməyən 15-25 yaşlı qızlara 3 istiqamətdə fərdi mentorluq təklif edərək onların istər şəxsi, istərsə də peşəkar inkişafına dəstək olmaqdır. Bu istiqamətlər – düzgün ixtisas seçimi, karyera planlaması və xaricdə təhsildir. Fərdi mentorluqla yanaşı qızlarımıza müxtəlif mövzularda bilik və bacarıqlarını artırmaq məqsədilə 3 istiqamətdə təlim, seminar və ya vebinarlar da keçirilir. Bunlar texniki biliklərin artırılması, yumşaq bacarıqların inkişafı, həyati biliklərin öyrənilməsi mövzularındadır. Təlimlərdən əlavə olaraq, proqramımızda könüllü psixoloqlar da fəaliyyət göstərir. Psixoloqlarımız fərdi seanslarla birlikdə “Stressin idarə olunması”, “Bullinq və Gaslitinq”, “Özgüvən” kimi vacib mövzularda təlimlər də keçirlər. Təbii ki, bütün bu sadaladığım fəaliyyətlər ödənişsiz həyata keçirilir.
-Təmənnasız həyata keçirdiyiniz bu proqramın digər layihələrdən başqa nə kimi fərqləri var?
– Proqrama başlayanda əslində qadınların inkişafına yönəlmiş bir çox layihə ilə tanış oldum və bu məni olduqca sevindirdi. Hətta onlar arasından əməkdaşlıq etdiklərimiz də az olmadı. Lakin, ümumi olaraq deyə bilərəm ki, digər mentorluq proqramlarından ən üstün cəhətimiz, 1 qıza 1 mentor uyğunlaşdırması etməyimizdir. Bir çox proqramda mentorluq qrup şəklində təyin olunur, Violette Mentorluq Proqramında isə nəinki 1 qıza 1 mentor təyin olunur, hətta həmin mentorun təyin olduğu qızın hədəfinə uyğun ya təhsil, ya da iş təcrübəsi olması mütləqdir. Mentorlarımız sahələri üzrə kifayət qədər uğur qazanmış xanımlardır. Bir çoxu nəinki Azərbaycanın, eləcə də dünyanın qabaqcıl universitetlərini bitirib. Mentorlarımızın təqribi 30 faizi isə mənim kimi xaricdə yaşayan azərbaycanlı xanımlardır.
Proqramın digər bir üstünlüyü müəyyən bir periodunun olmamasıdır. Mentorluğun müddəti seçilmiş mentorluq üzrə qarşıya qoyulan KPİ-lar yerinə yetirilənə qədər davam edir və bir çox halda bu 6 ay – 1 il arası dəyişir. Sonda isə formatının tamamilə onlayn qurulması və beləliklə hər kəs üçün əlçatan olması, proqramı üstün edən faktorlardan biridir.
– Sonda karyerasına yeni başlayan gənclərə nələri tövsiyə edərdiniz?
-Cəsarətli olun, maraqlanın, sorğulayın və ilişdiyiniz nöqtələrdə təcrübəli, etibarlı insanlardan kömək istəməyə çəkinməyin. Sizi ruhlandıran və rəhbərlik təklif edə bilən, eyni zamanda risk almağa və rahatlıq zonanızdan kənara çıxmağa açıq olan mentorları tapın. Səhv etməkdən qorxmayın – səhvlərinizə təcrübə olaraq baxın. Ən əsası, başqaları sizdən şübhələnsə belə, özünüzə inanın. Dözümlülüyünüz və qətiyyətiniz heç vaxt mümkün olmadığını düşündüyünüz qapıları açacaq.