Cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam obyektiv aparılması üçün işin aidiyyəti olan istintaq orqanından digər istintaq orqanına verilməsinə hansı müstəsna hallarda Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı əsasında yol verildiyi açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam obyektiv aparılması üçün işin aidiyyəti olan istintaq orqanından digər istintaq orqanına verilməsinə aşağıdakı müstəsna hallarda Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı əsasında yol verilir:
– cinayət işinin istintaqı aid olan orqan tərəfindən cinayətin qeydiyyatdan gizlədilməsi müəyyən edildikdə (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən zəruri tədbirlər görülməmişdirsə, o cümlədən göstərilən hallar aradan qaldırılmamışdırsa və təqsirli şəxslər məsuliyyətə cəlb olunmamışdırsa);
– cinayət işinin istintaqı aid olan orqan tərəfindən işin istintaqı zamanı təqsirləndirilən şəxsin qanunsuz həbsdə saxlanılması və ya ona işgəncə verilməsi müəyyən edildikdə;
– cinayət işinin istintaqı aid olan orqan tərəfindən bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda şəxsin müdafiəçi ilə təmin edilməməsi müəyyən olunduqda;
– cinayət işinin istintaqı aid olan Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri, yaxud onun yaxın qohumu həmin iş üzrə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, yaxud mülki cavabdeh olduqda;
– dövlətin və cəmiyyətin mənafeyinə qəsd edən cinayətin xarakteri, işin xüsusiyyətləri və ibtidai araşdırmanın maraqları tələb etdikdə.