İqtisadi siyasət: Nəzəriyyə və praktika

Tədqiqat və dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə malik dörd tanınmış ekspert: Benassi Küer, Benua Köre, Pyer Jake, Jan Ferri-Pizani tərəfindən yazılmış “İqtisadi siyasət: Nəzəriyyə və praktika” kitabı, iqtisadi siyasətin nəzəriyyəsi və təcrübəsi haqqında geniş məlumat verir və iqtisadi qərarların necə verildiyini və cəmiyyətə təsirini izah edir. Müəlliflər maliyyə və pul siyasəti, artım, inflyasiya, məşğulluq və iqtisadiyyatın sabitləşdirilməsində hökumətin rolu kimi əsas anlayışları izah edərək, iqtisadi siyasətin qurulmasının əsas nəzəri prinsiplərini açıqlayırlar. Müəlliflər tərəfsizdirlər, onlar müxtəlif ölkələrdən və təcrübələrdən nümunələr verirlər.

Kitabı unikal edən odur ki, o, tədqiqatla təcrübənin kəsişmə nöqtəsində əvvəlcədən toplanmış bilikləri əldə əsas tutaraq yeni-yeni suallar ortaya çıxarır.

Kitab ümumilikdə doqquz fəsildən ibarətdir. İlk üç fəsil iqtisadi siyasət qurmaqla bağlı əsas ümumi anlayışları əhatə edir. I fəsil kitabın qalan hissəsində istifadə ediləcək metodoloji əsasları və iqtisadi metodlarla bağlı əsas anlayışları təsvir edir. II fəsildə hökumət müdaxiləsinin məhdudiyyətləri və onu ən optimal şəkildə göstərə biləcək siyasi-iqtisadi səbəblər nəzərdən keçirilir. III fəsil suveren ölkələr daxilində və həmin ölkələr arasında olan siyasət quruculuğu ilə bağlı müxtəlifliyi təsvir edir. IV-IX fəsillər iqtisadi siyasətin altı sahəsini – fiskal siyasət, pul siyasəti, maliyyə sabitliyi, beynəlxalq maliyyə inteqrasiyası və xarici valyuta siyasəti, vergi siyasəti və artım siyasətləri – əhatə edir.

Kitab, iqtisadi siyasətin məqsədləri və alətləri, iqtisadi modellər, qlobal iqtisadi siyasət, müasir iqtisadi problemlər kimi, əsas mövzuları əhatə edir. Ardıcıl olaraq kitabda makroiqtisadi sabitlik, iqtisadi artım, inflyasiya və işsizlik, müxtəlif iqtisadi modellər və iqtisadi siyasətin həyata keçirilməsində istifadə olunan alətlər müzakirə edilir. Qlobal bazarlarda ticarət siyasəti, maliyyə və investisiya axınlarının tənzimlənməsi kimi qlobal problemlərə dair nəzəri və praktik yanaşmalar təklif olunur. 2008-ci ilin maliyyə böhranı, Avrozonadakı böhran kimi real hadisələr təhlil edilir və bu cür vəziyyətlərdə tətbiq olunan iqtisadi siyasətlər izah olunur. Həmçinin müasir dövrün çağırışlarının həllində iqtisadi siyasətin aktuallığını göstərən ekoloji siyasət, bərabərsizlik və mərkəzi bankların inkişaf edən rolu kimi mövzular da araşdırılır.

Kitabda siyasətçilərin müxtəlif problemləri həll etmək üçün istifadə etdikləri iqtisadi modellər və alətlər, o cümlədən bu vasitələrin real dünya ssenarilərində necə tətbiq olunduğu təsvir edilir. Həmçinin, beynəlxalq ticarət, maliyyə bazarları və qlobal kapital axınları daxil olmaqla qlobal iqtisadi qarşılıqlı əlaqələr kontekstində iqtisadi siyasəti araşdırır və qloballaşmanın daxili iqtisadi siyasətə təsirlərindən də bəhs edilir.

Bu qiymətli ədəbiyyat həmçinin oxucularına risk və qeyri-müəyyənlik arasındakı mühüm fərqləri də izah edir. Hələ də bir çoxları tərəfindən eyniləşdirilən “Risk” və “Qeyri-müəyyənlik” məvhumlarına aydın izahlar verilir. Oxucu öyrənir ki, risk idarə edilə bilən və ölçülə bilən, qeyri-müəyyənlik isə daha çox təxminə və proqnozlaşdırıla bilinməyən hallara aiddir. Frenk Naytın dediyi kimi, “riskdə təsadüfi hadisələr ehtimalla izah edilə bilər, qeyri-müəyyənlikdə isə yox!”

Nədir risk?

  • Riskli hallarda nəticələrin mümkün olduğunu bilirik və onların baş vermə ehtimallarını da müəyyən edə bilirik. Yəni, risklər ölçülə bilər və statistik məlumatlar əsasında qiymətləndirilə bilər. Məsələn, bir sığorta şirkəti bir hadisənin baş vermə ehtimalını hesablaya və bu ehtimal əsasında sığorta haqqını təyin edə bilər. Risk idarə olunan bir vəziyyətdir.

 

Nədir qeyri-müəyyənlik?

  • Qeyri-müəyyən vəziyyətlərdə nəticələri tam bilmirik və onların ehtimallarını da müəyyənləşdirmək mümkün olmur. Bu, nəticələrin bilinməməsi və statistik əsasda dəyərləndirilə bilməməsi ilə xarakterizə olunur. Məsələn, iqtisadi böhranların konkret vaxtı və miqyası qeyri-müəyyənlik yaradan faktordur, çünki belə hadisələri dəqiq proqnozlaşdırmaq çətindir.

Oxucu bu kitabdan, hər ədəbiyyatda rast gəlinməyən “Quyruq riskləri” (“tail risks”) haqqında da öyrənir.  Quyruq riskləri statistik paylanmanın quyruq hissəsində yerləşən və nadir hallarda baş verən, lakin böyük təsirə malik olan risklərdir. Quyruq riskləri idarə edilməsi çətin olan risklərdir, çünki nadir hallarda baş verirlər və ənənəvi risk modelləri ilə proqnozlaşdırılması çətindir. Buna görə də, maliyyə və sığorta sektoru üçün quyruq risklərini nəzərə almaq vacibdir, çünki bu risklər təşkilatların dayanıqlılığını ciddi şəkildə sınaqdan keçirə bilər.

Oxucu həmçinin bu kitabdan, Donald Ramsfeldin “bilinən bilinməyənlər” və “bilinməyən bilinməyənlər” arasındakı fərqləndirmə metodu haqqında da öyrənmiş olur.

Ədəbiyyatı və riyaziyyatı sevən biri olaraq, bu kitab sayəsində, riyaziyyatın iqtisadi sferadakı mövqeyinə də fərqli baxışdan baxmağı öyrəndim. Müəlliflər qeyd edirlər ki: “Riyaziyyatı nə iqtisadi biliklərin məqsədi, nə də həqiqət və ideologiya arasında bir xətt çəkməyimizə imkan verən vasitə kimi görürük. Pol Romerin də bir dəfə qeyd etdiyi kimi, riyaziyyatdan ideologiyanın dəstəklənməsi üçün istifadə edilə bilər və əksinə, bu kitabda bəhs olunan bəzi əsas nəzəri məqalələrdə heç bir bərabərlik göstərilmir. Buna baxmayaraq, riyaziyyat fərziyyələr toplusunun bir araya gətirilməsində və dəqiq şəkildə tərtib olunmasında əvəzsiz bir vasitədir. O həmçinin fərziyyələri həqiqi məlumatlarla qarşılaşdırmağa imkan verən statistik vasitələrin əsasını təşkil edir. Bununla belə, riyaziyyat bir dil olaraq ciddi mühakimələrin izahını vermək və nəticələrini təqdim etmək üçün yox, onları ortaya çıxarmaq üçün daha uyğundur.”

Kitab həm nəzəriyyə, həm də praktikanı özündə birləşdirir. İqtisadi qərarların necə qəbul edildiyini və onların milli və qlobal iqtisadiyyatlara gətirdiyi nəticələri daha dərindən dərk etmək istəyənlər üçün mühüm mənbə rolunu oynayır. Bu kitab bakalavr və magistr tələbələri, siyasətçilər, tədqiqatçılar və iqtisadi siyasətin mürəkkəbliklərini anlamaqda maraqlı olan hər kəs üçün nəzərdə tutulub. Müəlliflər nəzəriyyə ilə praktika arasındakı boşluğu aradan qaldıraraq onu həm akademik mətn, həm də siyasətçilər üçün praktiki bələdçi halına gətirir. Unutmaq olmaz ki, təcrübə ilə nəzəriyyə arasında əlaqə qurmaq praktikanı işıqlandırır və daha sağlam nəzəriyyənin qurulmasına kömək edir.

Mütləq oxumaq lazımdır, oxuyub öyrənmək lazımdır, çünki yüksələn bilik dalğası iqtisadiyyatı daha da gücləndirəcək.

 

İlahə Ümidli

16 sentyabr 2024-cü il