“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.

O, bildirib ki, məsciddə imamla görüşmək istəsə də, buna imkan yaradılmayıb: “Mən ötən ilin yayından həmin məscidə gedirdim. İmamla görüşmək istəmişəm. Görüş baş tutsa da, çox az çəkdi. Görüş əsnasında aramızda konflikt baş vermədi, xoş ayrıldıq. Bundan sonra onunla görüşmək istəsəm də, məscidin təhlükəsizlik işçisi Rəsul Həsənli buna imkan yaratmadı. Bu maneə 4-5 ay çəkdi. Mən onu tanımırdım”.

Təqsirləndirilən şəxs bildirib ki, Allah tərəfindən imam təyin olunub və bunu “Məşədi Dadaş” məscidinin axundu Əli Şərbətova demək istəyib: “15 mart 2020-ci ildə səhər saatlarında Allah tərəfindən mənə vəhy gəldi. Mənə dedilər ki, sən “Məşədi Dadaş” məscidinin imamısan. Sabah ora get, özünü təqdim et. Orada səni gözləyirlər. Lakin mən oraya gedə bilmədim”.

Təqsirləndirilən Elşən Hüseynov bildirib ki, 27 dekabr 2023-cü ildə məscidə gedib: “Axundu görmək istədiyimi bildirdim. Mənə axundun orada olmadığını bildirdilər. Mən içəri daxil olmaq istədim. Lakin o mənə sərt reaksiya göstərərək maneə törətdi. Bu hadisədən 3 gün sonra getdim və Rəsulu bıçaqladım”.

Daha sonra prokuror ittiham aktını elan edib.

Elşən Hüseyov özünü təqsirli bilmədiyini deyib: “Mən əməlimdən peşman deyiləm. Rəsul Həsənlini mənə maneə törətdiyi üçün vurdum”.

Proses oktyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29.120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə adam öldürməyə cəhd) 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29.120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29.120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittihan irəli sürülüb.