Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin və hərbi attaşelərin bu gün Kəlbəcərə səfəri başlayıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Xarici qonaqlar səfər zamanı Suqovuşan və Sərsəng su anbarlarını, “Yuxarı Vəng” Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və “İstisu” mineral su zavodunu, həmçinin digər əraziləri ziyarət edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.