Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakim elan edib ki, Nizami Məmmədovun müdafiəçilərinin vəsatəti əsasında şahid qismində yenidən dəvət olunan nazirliyin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin rəisi Rəfail Xələfov məhkəməyə gələ bilməyəcəyi bildirib:
“Rəfail Xələfovun vəkili ilə əlaqə saxlanılıb. Bildirilib ki, o, COVID-19 virusuna yoluxub. Laboratoriyanın 17 sentyabr arayışına əsasən, Rəfail Xələfov koronavirusa yoluxub. Bu səbəbdən hazırkı vaxta onun məhkəməyə gəlməsi mümkün deyil”.
Hakim qeyd edib ki, gələn prosesdə Rəfail Xələfov iştirak edəcək.
Təqsirləndirilən Bayram Bayramovun vəkili vəsatətlə çıxış edərək ki, müvəkkilinin çalışdığı hərbi birlikdə 2020-ci ilin dekabr ayında Hərbi Səfərbərlik və Çağırış Xidməti tərəfindən çağırılan əsgər və zabitlərə ödənişlərin öyrənilməsi ilə bağlı sənədlərin məhkəməyə təqdim olunmasını istəyib.
Hakimlər vəsatəti təmin ediblər. Qərarın icrası Müdafiə Nazirliyinin Hüquq İdarəsinə göndəriləcək.
Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə büdcədən ayrılan vəsaitdən kənarlaşma ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını istəyib.
Vəkil deyib ki, Cəlal Kazımov Ali Hərbi Məktəbdə işlədiyi dövrdə büdcədən ayrılan vəsaitdən heç bir kənarlaşma olmayıb:
“2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə 423 min manat əlavə yazılıb, bunu müəyyən etmək üçün təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması zəruridir”.
Məhkəmə vəsatət qismən təmin edilib. Belə ki, 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə olan kənarlaşmanın müəyyən olunması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunub. Amma Cəlal Kazımovun ekspertizanın keçirilməsində iştirak etməsi təmin edilməyib.
Daha sonra Nizami Məmmədovun müdafiəçiləri nazirliyinin Təlim və Tədris Mərkəzini həbsdə olan maliyyə xidmət rəisi Rəşad Məlikzadənin təkrar dindirilməsini istəyib.
Vəkil deyib ki, iş üzrə ən çox ziyanı olan şəxslərdən biri də Rəşad Məlikzadədir, onun tərəfindən ziyanın ödənilməsin müəyyən edilməsi ilə bağlı sualları var.
Məhkəmə bu vəsatəti təmin etməyib.
Proses sentyabrın 27-də davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.