Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də keçirdiyi lokal antiteror tədbirləri ilə işğalçılıq və ərazi ilhaqı siyasətinə son qoyulan Ermənistan hələ də sakitləşmir, məhdud iqtisadi resurslarını kütləvi silahlanmaya yönəldir, hərbi hərclərini artırır. Rəsmi İrəvan müəyyən ölkələrlə gizli və açıq sövdələşmələr apararaq, İkinci Qarabağ müharibəsində və ötən ilin 19-20 sentyabrında sarsıdılmış, darmadağın edilmiş ordusunu yenidən ayağa qaldırmağa, modernləşdirməyə çalışır.
Bir neçə gün əvvəl Gürcüstanda işgüzar səfərdə olan müdafiə naziri Zakir Həsənov bildirib ki, Ermənistanın silahlanması, regiondankənar ölkələrin İrəvanın vasitəsilə bölgəyə müdaxilə cəhdləri sadəcə Azərbaycan üçün yox, ümumilikdə, Cənubi Qafqaz üçün təhlükə mənbəyinə çevrilə bilər. Qarşı tərəfin üzərinə götürdüyü bir sıra öhdəliklərə əməl etməməsi, Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddialarının mövcudluğu, daxilindəki radikal qüvvələrin revanş çağırışları yekun sülh sazişinin imzalanmasına qarşı yönəlmiş destruktiv addımlardır.
İqtisadi çətinliklər içində olan Ermənistanın hərbi xərclərini 2023-cü ildə 47 faiz, 2024-cü ildə 7 faiz və ya ümümi daxili məhsulun 5,3 faizi nisbətində artırması, Hindistan, İran və Fransadan müasir silahlar alması rəsmi İrəvanın sülh və sabitlik çağırışları ilə zididyyət təşkil edir. Əslində, Ermənistanın Azərbaycan Silahlı Qüvvələri ilə rəqabət apara biləcək modern ordu yaratmaq imkanı yoxdur və rəsmi İrəvan kütləvi silahlanma ilə sadəcə, danışıqlar prosesində mövqelərini möhkəmləndirməyə sadəlövh ümidlər edir.
Azərbaycan İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirləri zamanı qazandığı tarixi qələbələrlə təcavüzkar ölkənin hərbi işğalı davam etdirmək niyyətini puça çıxarıb. Ordusunun real potensialının 70-80-i məhv edilən Ermənistanın hərbi quruculuq siyasəti iflasa uğrayıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan Ordusu R.Köçəryan və S.Sarkisyan hakimiyyətlərinin yaratdıqları, barəsində saxta “yenilməzlik” mifi formalaşdırdıqları hərbi birləşmələri tamamilə məhv edib. Hərbi potensialı çökdürülən, 5 milyard dollar civarında zərər görən Ermənistanın 30 ilə yaxın müddətdə apardığı saxta ideologiya və təbliğat fiaskoya uğrayıb.
Buna baxmayaraq, N.Paşinyan məğlub Ermənistan ordusu Fransa başqa olmaqla, müəyyən ölkələrin dəstəyilə yenidən silahlandırmaqla, hərbi büdcəsini artırmaqla regiondakı qüvvələr nisbətində hansısa tarazlıq əldə edə biləcəyinə mənasız ümidlər bəsləyir. 30 ilə yaxın müddətdə ərazilərimizi işğalda saxlayan Ermənistanın hərbi potensialını gücləndirmək cəhdləri sülh və sabitliyə potensial təhdiddir və bu ölkənin bölgədəki destruktiv fəaliyyətini stimullaşdırır. Eyni zamanda, rəsmi İrəvan silahlanma ritorikası ilə guya gələcəkdə nəyinsə dəyişəcə biləcəyi barədə erməni ictimaiyyətdə irreal təsəvvürlər formalaşdırmağa çalışır.
Xarici borcları ilbəil artan, 2024-ci ilin iyun ayına olan məlumata görə, 11 milyard dollar təşkil edən Ermənistanın borclanma səviyyəsi ÜDM-in 70 faizinə yüksəlməklə fəlakətli həddə çatıb. Ermənistanda müxalif siyasi qüvvələr açıq etiraf edirlər ki, yaxın gələcəkdə hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, təcavüzkar ölkənin regiondakı siyasi reallıqalrı dəyişmək, yeni hərbi əməliyyatlara başlamaq şansı sıfra bərabərdir. Eyni zamanda, hansısa uzunmüddətli perspektivdə Ermənistanın hərbi balansa nail olması, Azərbaycanı təhdid etməsi qeyri-mümkündür. Ermənistanın buna nə maddi, nə də demoqrafik resursları var.
İkinci Qarabağ müharibəsindəki tarixi qələbədən sonra rəsmi Bakı Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi prosesində ən müasir trendlərin tətbiqi və mütərəqqi beynəlxalq təcrübənin mənimsənilməsi məqsədilə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir;. Türkiyə və İsraillə yanaşı, Pakistan, Gürcüstan, Özbəkistan və İtaliya ilə hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan ardıcıl addımlar, imzalanan sənədlər, keçirilən birgə təlimlər xüsusi əhəmiyyətə malikdir.
Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri, aparılan müzakirələr də ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsinə hədəflənib. NATO-nun aparıcı ölkələrindən olan İtaliyadan ölkəmizə silah-sursatın idxalı, bu dövlətin hərb təcrübəsinin öyrənilməsi modern ordu quruculuğu baxımından vacibdir.
MTM Analitik Qrup