İclasda 2024-cü il sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilərin nəticələrinə dair Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə konstitusiya icraatı qaydasında məhkəmə işinə baxılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, iclası Naxçıvan Muxtar Respublikası Ali Məhkəmənin sədri Səadət Bəktaşi açaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş seçkilərin nəticələrinin yoxlanılmasınа dair işə konstitusiya icraatı qaydasında baxıldığını bildirib, işə baxan məhkəmə tərkibini elan edib.
İclasda məruzəçi hakim Əli Allahverdiyev Ali Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib. Bildirib ki, “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli 176 nömrəli Sərəncamını rəhbər tutaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 iyun 2024-cü il tarixli Sərəncamına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən 01 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçirilib. Seçki sənədlərinin araşdırılması zamanı istər məntəqə seçki komissiyalarının, istərsə də dairə seçki komissiyalarının protokollarının tərtib edilməsi zamanı “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun və “Seçki sənədlərinin tərtib edilməsi qaydaları haqqında” Mərkəzi Seçki Komissiyasının təlimatının tələblərinin kobud surətdə pozulması hallarına yol verilməmişdir. Yoxlama aparılarkən seçkilər başa çatdıqdan sonra bu günədək namizədlər, o cümlədən siyasi partiyalar tərəfindən seçkinin nəticələrinin mübahisələndirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 98-101-ci maddələrində müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə şikayət daxil olmamış və heç bir işə baxılmamışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə Ali Məclis seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə danışıb. Sədr bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 iyun 2024-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixə seçkilər təyin edilib, Seçkilərə rəsmən start verildiyi gündən başlayaraq MSK və qanunvericiliklə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərə malik aidiyyəti qurumlar tərəfindən seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət olunub, nəzərdə tutulan bütün tədbirlər Komissiyanın hazırlayıb təsdiq etdiyi Təqvim planı əsasında ardıcıl, sistemli və keyfiyyətlə reallaşdırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə seçki komissiyalarının təşkil edilməsi üçün muxtar respublika üzrə 45 seçki dairəsinin dislokasiyası yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlarla birlikdə formalaşdırılıb. Bütün namizədlərə seçkiqabağı təşviqat dövründə geniş imkanlar və hərtərəfli bərabər şərait yaradılıb. Seçki qanunvericiliyinin tələblərinə əsasən muxtar respublika ərazisində 202-si açıq, 192-si qapalı olmaqla, ümumilikdə 394 görüş yeri ayrılaraq təşviqat subyektlərinin ixtiyarına verilib. Onlar heç bir maneə ilə rastlaşmadan, sadəcə aidiyyəti üzrə dairə seçki komissiyalarını məlumatlandırmaqla həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Seçki günü səsvermənin gedişi zamanı seçicilərin rahat səs vermələri təmin olunub, vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı nə namizədlər, nə seçkiləri müşahidə edən şəxslər nə də seçicilər tərəfindən heç bir şikayət daxil olmayıb.
Bildirilib ki, Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının təsdiq edilməsi üçün muxtar respublikada Ali Məclisə seçkilər üzrə yaradılmış 45 seçki dairəsi üzrə 1 sentyabr 2024-cü il tarixdə keçirilmiş seçkilərin nəticələrinə dair dairə və məntəqə seçki komissiyalarının protokollarını, seçkilərin ümumi yekunları haqqında bütün komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənmiş Mərkəzi Seçki Komissiyasının protokolunu və müvafiq Qərarını seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq sənədlərlə birlikdə 11 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə təqdim edib.
Daha sonra mütəxəssis qismində dəvət olunan Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin Aparat rəhbəri Həbib Rzayev çıxış edərək bildirib ki, dairə və məntəqə seçki komissiyalarının protokolları Mərkəzi Seçki Komissiyasının yekun protokolunda əks olunan müvafiq göstəricilərlə və etibarlı hesab edilmiş səslərin deputatlığa namizədlər arasında bölgüsü cədvəlində qeyd olunan rəqəmlərlə üzləşdirilmiş və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 87.2, 90.2 və 90.3-cü maddələrinin tələblərinə tam cavab verdiyi müəyyən edilmişdir.
Çıxışlardan sonra məhkəmə tərkibi müvafiq qərar qəbul etmək üçün müşavirə otağına gedib.
İclasın sonunda Naxçıvan Muxtar Respublikası Ali Məhkməsinin sədri Səadət Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair yekun qərarı elan edib.
Qərara əsasən, 2024-cü il sentyabrın-1-də keçirilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 10 sentyabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 87.2, 87.11, 90.2, 90.3 və 91.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib, seçki dairələri üzrə seçkilərin nəticələri bütövlükdə təsdiq olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.
Səadət Bəktaşi iclası bağlı elan edib.
***
saat 16.17
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin MR Ali Məclisinə keçirilmiş seçkilərlə bağlı iclası keçirilicək.
Heftelik.az-ın məlumatına görə, sentyabrın 1-də MR Ali Məclisinə keçirilmiş seçkilərin nəticələrinə dair Naxçıvan Ali Məhkəməsinin konstitusiya icraatı qaydasında iclası bu gün saat 16:00-da olacaq.