Gənclər Azərbaycanlı iş adamlarını onlara dəstək verməyə çağırırlar.
Azərbaycanı dünyada keçirilən müxtəlif elm, texnologiyalar və startap müsabiqələrində
təmsil edən SkyBee dron komandası son zamanlar qazandığı uğurlar səbəbi ilə ABŞ-da
keçiriləcək Dünya Startap Kubokunun Grand Final mərhələsinə dəvət olunub.
Startap komandası son 1 il ərzində göstərdiyi uğurlu fəaliyyəti ilə bağlı dünyadan bir
çox şirkətin və investorların diqqətini öz üzərinə cəlb edib. Burada komandanın Londonun,
Budapeştin və Varşavanın startap eko-sistemlərində göstərdiyi performanslar və ən son
Pakistanın Lahore şəhərində regional çempionatda qazandığı birincilik faktoru xüsusi rol oynayır. Komanda Amerika və Mərkəzi Avropa ölkələrindən olan investorlardan onların
eko-sistemlərində şirkət qurmaq şərti ilə investisiya təklifləri alıblar.
“Biz bu mərhələyə gəlmək üçün ömrümüzdən 3 ilimizi sərf etmişik. Bugün həyatımızın
bəlkə də ən kritik dönəmindəyik. Bu mərhələni də uğurla keçsək artıq startapımızın önündə
heç bir maneə qalmayacaq və biz unicorn şirkətə çevrilmə istiqamətində sürətli addımlar
atacağıq. Bu təkcə bizim deyil, region gənclərinin də gələcəyinə güclü təsir edəcək.
Bizim bu müsabiqəyə qatıla bilmək üçün sadəcə 10 gün vaxtımız var. Viza və təyyarə
biletlərin alınmasının, çap məhsullarının hazırlanmasının və müsabiqəyə hazırlaşmağın
müəyyən bir vaxt aldığını nəzərər alaraq bizim proseslərə təcili başlamağımız lazımdır. Biz
əlimizdə olan bütün resursları həm dronun hazırlanmasına və sınağına, həm də Pakistanda
keçirilən beynəlxalq müsabiqəyə qatılmağa sərf etmişik. Bizim Amerikaya olan səfərimizin
maddi cəhətdən qarşılanması lazımdır. Bu səbəblə xaricdə və Azərbaycanda yaşayan iş
adamlarını layihəmizi dəstəkləməyə çağırırıq. Biz bu müsabiqədə ölkəmizin bayrağını
yüksəldəcəyimizdən əminik. Bunu daha öncə də etdik, bir ay öncəki nəticələrimiz göz
önündədir.

Bizim Vahid Ələkbərov, İlham Rəhimov, Araz Ağalarov, Emin Ağalarov, Mübariz
Mənsimov, Qod Nisanov kimi dünyada tanınan iş adamlarımız var. Onların Azərbaycan
gənclərinə etdiyi müxtəlif dəstəkləri dəfələrlə görmüşük. Bu səbəbdən layihəmizin həm
dünya, həm ölkəmiz üçün əhəmiyyətini, həm də startapımız üçün kritik dönəm olmasını
nəzərə alaraq, 2 gün ərzində bizə dəstək vermələrini rica edirik.
Bizə dəstək veriləcəyi təqdirdə hazırladığımız dron prototipinin ABŞ-ın San-Fransisko
şəhərinə aparılması istiqamətində aidiyyatı üzrə dövlət qurumlarının da xüsusi həssaslıq
göstərməsini və dronun müsabiqədə iştirakının təmin edilməsini xahiş edirik.”
Qeyd edək ki, SkyBee vəhşi arı ailələrinin kütləvi ölümü nəticəsində təbii tozlandırma
prosesinin pozulması və məhsuldarlığın aşağı düşməsi halları ilə mübarizə aparan dronlarla
süni tozlandırma startapdır. BMT-nin statistikasına görə 1992-ci ildən bugünə qədər bütün
dünyada 85% vəhşi arı ailələrinin və digər həşaratların ölümünü nəzərə alarsaq, startapın
dünya üçün çox böyük əhəmiyyət kəsb etdiyini görmək olar.