Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 4 ünvanında yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Heftelik.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 54 kv.m olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində xəsarət alaraq mənzildə köməksiz vəziyyətdə qalan 1940-cı il təvəllüdlü Orucova Tavlina Şamilovna yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Partlayış nəticəsində mənzilə və binanın qarşısında park edilmiş üç avtomobilə ziyan dəyib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.