Müdafiəçiyə və nümayəndəyə etiraz proseduru aşıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Müdafiəçiyə, həmçinin zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və ya şahidin nümayəndəsinə etiraz onun cinayət prosesində sonrakı iştirakını istisna edən aşağıdakı hallardan hər hansı biri olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır:
– cinayət prosesində iştirak edən və ya əvvəllər iştirak etmiş hakimlə, prokurorla, müstəntiqlə, təhqiqatçı ilə və ya məhkəmə iclasının katibi ilə qohumluq əlaqələrinin, habelə bu şəxslərdən şəxsi və ya xidməti asılılığın olması;
– cinayət təqibi üzrə icraatda hakim, prokuror, müstəntiq, təhqiqatçı, hal şahidi, məhkəmə iclasının katibi, tərcüməçi, mütəxəssis, ekspert və ya şahid qismində iştirak etməsi;
– hakim, prokuror, müstəntiq və ya təhqiqatçı vəzifələrini tutması (təqsirləndirilən, şübhəli şəxsin və ya cinayət prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısının qanuni nümayəndəsi olması, yaxud mülki iddiaçı və ya mülki cavabdeh kimi tanınmış işlədiyi orqanın nümayəndəsi qismində iştirak etməsi hallarından başqa);
– qanuni mənafeyini müdafiə etdiyi təqsirləndirilən və ya şübhəli şəxsin, həmçinin təmsil etdiyi zərər çəkmiş şəxs, mülki iddiaçı, yaxud mülki cavabdehin qanuni mənafeyi ilə ziddiyyət təşkil edən şəxsə hüquqi yardım göstərməsi;
– qanuna və ya məhkəmənin hökmünə əsasən müdafiəçi və ya nümayəndə olmaq hüququnun olmaması.
Göstərilən hallardan hər hansı biri olduqda müdafiəçi, habelə zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və şahidin nümayəndəsi özü-özünə etiraz etməlidir.